Bu gün Azərbaycan yaşıl enerjinin ixracı üçün yeni koridorlar yaradır.
Gununsesi.info bildirir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev Münhen Təhlüksəzilik Konfrası çərçivəsində panel müzakirələrdə iştirakı zamanı deyib.
“”Yaşıl” enerjiyə keçid daha da sürətləndiriləcək. Azərbaycana gəlincə, emissiyalarımız cəmi 0,1 faizdir. Lakin Azərbaycan “yaşıl” enerji layihələrinə kifayət qədər intensiv sərmayə qoymağa başladı və bu gün biz nəinki “yaşıl” enerji potensialını artırmağa başlayan, həm də “yaşıl” enerjimizi digər ölkələrə ixrac etmək üçün yeni dəhlizlər yaradan ölkəyik. Biz artıq Aİ ilə Azərbaycandan, regiondan “yaşıl” enerjinin tədarükü ilə bağlı saziş imzalamışıq”, o deyib.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq. Bu, dörd gigavata qədər yaşıl enerjinin verilməsinə imkan verəcək.
Gununsesi.info