“İran müharibəsi başladıqdan sonra regional geo-siyasi təhdidlərin daha da artması müşahidə edilməkdədir. Bölgədəki yeni düzən Azərbaycan və Ermənistan arasında nəqliyyat və eləcə də iqtisadi əlaqələrin yenidən bərpasını daha da aktuallaşdırıb”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib.
“İki ölkə arasındakı münasibətlərdə mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Dəhlizin bir elementi olacaq TRİPP-in inşaatı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasına imkan verəcək.
15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək”,-deyə deputat əlavə edib.
O qeyd edib ki, yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq:
“Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin sülhün iqtisadi dividentləri deməkdir”.
Firuzə












