Azərbaycana işləməyə gələn əcnəbilərin sayı - AÇIQLANDI

  • By admin
  • 02 Sentyabr 2019 14:31

Statistik rəqəmlərə görə, Azərbaycanda 2018-ci ildə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı 30 mindən bir qədər çox olub.

Bunu Oxu.Az-a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov son vaxtlar əmək bazarında əcnəbi mütəxəssislərə üstünlük verilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizə işləməyə gələnlərin sayı ildən-ilə artır:

“Təqribən yeddi minə yaxın əcnəbi əmək kvotası çərçivəsində  əmək fəaliyyəti ilə məşğul olub. Amma Azərbaycanda işləyən xaricilərin digər bir qismi isə əmək kvotasından kənar çalışırlar. Faktiki olaraq belələrinin sayı 30 mindən artıq olub.

Bunun kütləvi hal aldığını demək olmaz. Çünki Azərbaycanın əmək bazarında kifayət qədər ciddi rəqabət var. Həm də qanunvericiliyimiz ilk növbədə yerli mütəxəssislərin işlə təmin olunmasına şərait yaradır. Yerli bazarda bu və ya digər vakansiya yerinə mütəxəssis tapılmadığı halda əcnəbi  işçilərə üz tutulur.

Azərbaycanda daha çox tikinti sektorunda, neft-qaz və xidmət sahəsində əcnəbilər əmək fəaliyyəti ilə məşğul olur. Amma son zamanlar kənd təsərrüfatı sahəsində də aqronom və digər vəzifələrdə işləyən əcnəbilərə də rast gəlirik”.

A.Allahverənov vurğulayıb ki, 2019-ci ilin birinci yarısı üzrə statistika da 2018-ci illə müqayisədə sabitdir:

“Yəni kəskin şəkildə artım yoxdur. Amma Azərbaycana gəlib əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin sayı kifayət qədərdir. Əcnəbilərin işləməsi üçün onların öz sahəsinin güclü mütəxəssisi olması lazımdır. Məsələn, ölkəmizdə tibb sektorunun hansısa sahəsi üzrə yerli kadr olmayanda İran və ya Türkiyənin həkimlərinə müraciət edirlər”.

O, daha çox Gürcüstan və Türkiyədən olan əcnəbilərin ölkəmizdə işlədiyini qeyd edib:

“Azərbaycana əcnəbilər ölkəmizin miqrasiya mübadiləsi intensiv olduğu ölkələrdən daha çox gəlir. Gürcüstan, Türkiyə, İran və Rusiya buraya daxildir. Son zamanlar müxtəlif sahələrdə daha çox hindistanlıların işləməsi halları çoxalıb”.

Gununsesi.org