“Almaniyadan olan deputat Frank Şvabenin Azərbaycan əleyhinə olan təşəbbüsü açıq-aşkar Ermənistana dəstəyin ifadəsidir. Onun Qarabağdan 100 min erməninin zorla çıxarılması dediklərinin heç bir sübutu yoxdur”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Naqif Həmzəyev bir qrup AŞ PA üzvünün Azərbaycana qarşı sanksiya tələbini şərh edərkən deyib.
Naqif Həmzəyev bildirib ki, ermənilərin Qarabağdan könüllü köçü yerli və beynəlxalq mediada da yayılıb:” Hamısı könüllü tərk edib. Həmin reportajlarda ermənilər özləri bildirirdi ki, onları Rusiyada gözləyirlər. Övladlarının və digər yaxınlarının Rusiyada olduğunu deyirdilər”.
Naqif Həmzəyevin sözlərinə görə, ölkəmizə qarşı sanksiya tələb edənlər, AŞ PA-nın özünə qarşı çıxır: “Hələ uzun illər əvvəl AŞ PA öz qətnamələri ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. BMT Təhlükəsizlik Şurasından sonra AŞ PA Azərbaycan ərazilərinin işğal olunduğunu açıq tekstlə bəyan edib. İndi Azərbaycan öz suverenliyini bərpa edibsə, bunu alqışlamaq lazımdır”.
Şvabenin Azərbaycandakı siyasi məhbuslarla bağlı dediklərinə gəlincə, deputat bunları əlavə edib:
”Həmin şəxslərin istintaqı bitmədən fikir söyləmək doğru deyil. Hesab edirəm ki, bu cür bəyanatlar istintaqa təzyiqdir”.
Afət Abbasova
Gununsesi.info