Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, həmin şəxsdən əl yükündə və üzərində qadağan olunan predmetlərin olub-olmadığı soruşulub. Bu zaman vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi sellofan torbada 5 ədəd “Mydrax” adlı göz dərmanının yanındakı 1 ədəd mobil telefon adapteri diqqəti cəlb edib. Həmin adapterə baxış zamanı adapterin içərisindən, adapterin mikrosxeminə yapışdırılmış vəziyyətdə olan bir bükümdə, xalis çəkisi 3,43 qram təşkil edən narkotik vasitə – tiryək aşkar olunub.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və onun şalvarının cibindən 2 ədəd, corabından da 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd gömrük nəzarətinə təqdim edilməyən “Mydrax” adlı dərman preparatı aşkar edilib.
Qeyd edək ki, “Tropikamid” (“Mydrax”) 18 mart 2016-cı il tarixli qanun ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info