Azərbaycanda 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvrın 2-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb.
“Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib. 15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.
Bildirilib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb. Azərbaycan Sosial Rifah Partiyası isə hələ ki, namizədini irəli sürməyib.
Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.
Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.
Dekabrın 5-də prezident növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.
Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi Partiyası seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır. Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.
Bununla yanaşı, ATƏT-in seçki müşahidəsi üzrə ixtisaslaşmış Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda indiyədək keçirlən seçkilərin ATƏT standartlarına uyğun olamdığını bildirib.