Azərbaycanda 1984 inzabi ərazi vahidinin 700-də ərazi mübahisəsi var

  • By Mayil
  • 09 Sentyabr 2016 15:24

meclis

Azərbaycanda hazırda 1984 inzabi ərazi vahidinin  ən azı 700-də ərazi mübahisəsi var. Yəni, bir kənd digər bir kəndə, bir rayon başqa bir rayona ərazi iddiası irəli sürür və bu da nəticədə ərazi mübahisəsinə gətirib çıxarır“.

Gununsesi.info xəbər verir ki,  bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 9-da keçirilən ilk iclasında sözügedən komitənin sədri Arif Rəhimzadə dilə gətirib.

Komitə sədrinin sözlərinə görə, bu mübahisələri də qanuni şəkildə araşdırmaq və həll etmək üçün qanunveriçiliyə uyğun olaraq komissiyalar yaradılmalıdır:

“Bu komissiyalar da təbii ki, Milli Məclisin razılığı ilə yaradılmalıdır. Qeyd edim ki, komitəmizin 2016-cı il payız sessiyası ilə bağlı qanunvericilik işləri planında, eləcə də, bugünkü iclasımızın gündəliyində bununla bağlı artıq bir neçə məsələ, qanun layihəsi var. Həmçinin qeyd edim ki, komitəmizin iki üzvü- Rüstəm Xəlilov və Tahir Rzayevin başçılığı ilə işçi qrupları yaradılıb və onlar ərazi mübahisələri olan bölgələrimizdən bəzilərində olub, görüşlər, müzakirələr keçiriblər. Ancaq qeyd etdiyim kimi, digər ərazi mübahisələrini araşdırmaq məqsədi ilə də komissiyalar yaradılmalı və buna da Milli Məclis öz razılığını verməlidir”.

Qeyd edək ki, gündəlikdə və qanunvericilik işləri planında Biləsuvar rayonunun İmişli, Salyan, Cəlilabad,  Lerikin Yardımlı rayonuna, Ağdaş və Ucar rayonlarının isə Zərdab rayonuna qarşı ərazi mübahisəsinə dair bir neçə qanun layihəsi vardı.

Onu da qeyd edək ki, iclasda işçi qruplarının rəhbərləri R. Xəlilov və T.Rzayevin məlumatları dinlənilib.

R. Xəlilov deyib ki,  Biləsuvarla İmişli və Cəlilabad rayonları arasılnda ərazi mübahisələri həllini tapıb, yəni,  Biləsuvar rayon İcra Hakimiyyətinin bu rayonlara qarşı ərazi iddiası düzgün sayılmayıb, ancaq Biləsuvarla İşimli arasında ərazi mübahisəsi açıq qalıb və bunu həll etmək üçün komissiya yaradılmalıdır.

Eyni zamanda, T. Rzayev Ağdaşla Zərdab arasında ərazi mübahisəsinin aradan qaldırıldığını, lakin Ucarla Zərdab araslında boş qalan “azad zona” ilə bağlı qismən mübahisəli məsələ qaldığını söyləyib

Müzakirələrdən sonra ərazi mübahisələrini araşdırmaq məqsədilə işçi qruplarının tərkibi elan olunub və müvafiq qanun layihələri MM-in payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Kamil Həmzəoğlu

Gununsesi.info