Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyac var

  • By admin
  • 05 İyul 2017 18:40

14992619342272222788_1000x669

Hazırda Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyac var.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov iyulun 5-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, uzun illərin müşahidəsi bizim yerli buğda istehsalçılarının buğdanın keyfiyyətinə az önəm verdiyini göstərir. Bəzi buğdanın keyfiyyət göstəriciləri qəbul olunmuş standartlara cavab vermir. Buna səbəb fermerlərin buğdanın becərilmə prosesi zamanı yol verdikləri yanlışlıqlardır. Bəzən istehsalçılar buğdanı becərmə prosesində ciddi nöqsanlara yol verirlər ki, bu da xəstəliyin yaranmasına gətirib çıxardır. Əsasən də bu dərmanlama prosesi ilə bağlı olur.

Z.Məmmədovun sözlərinə görə, buğdanın elə növləri var ki, onlar çörək üçün, makaron üçün və spirt üçün nəzərdə tutulur. Buna görə də, sortun seçimində diqqətli olmaq lazımdır. “Dünyada qəbul olunmuş normalar var. Azərbaycan vətəndaşı daha keyfiyyətli çörəklə qidalanmalıdır. Azərbaycanda istehsal olunan buğdanın hamısı ərzaqlıq, çörək bişirilməsi üçün nəzərdə tutulan buğda deyil. Azərbaycanda fermerlər bərk buğda istehsalında maraqlı deyillər. Hazırda Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyacı var. Bu buğda növləri həmçinin baha qiymətə alınır”, – deyə Z.Məmmədov bildirib.

O xatırladıb ki, Dövlət Taxıl Fondunun yaradılmasının məqsədi ölkədə qıtlığın, çörəyin qiymətinin bahalaşmasının qarşısını almaqdır. “Bundan başqa, biz ölkədə fəaliyyət göstərən elevatorların reyesterlərini hazırlamışıq ki, Azərbaycanda eyni vaxtda nə qədər taxıl saxlama imkanları var onu müəyyənləşdirək. Həmçinin fermerlərin istehsal etdikləri məhsulun kateqoriyasının müəyyən edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin rayonlardakı idarələrində laboratoriyalarını yaradılmasını təklif etmişik”, – deyə Z.Məmmədov vurğulayıb.

Z.Məmmədov qeyd edib ki, ərzaq səbətinin tərkibinə görə il ərzində hər adama 186 kiloqram buğda tələb olunur. 2016-cı ildə Azərbaycana 1,6 milyon ton buğda idxal olunub. Ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biri kadr çatışmazlığıdır. Yerli və bacarıqlı kadrlara ehtiyac var. Bu keyfiyyətli və daha çox buğda əldə etmək üçün vacib amildir.

Gununsesi.info