
Heyvan mənşəli qida məhsullarının istehlakı qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Bu məqsədlə əhalinin sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun fəaliyyətinin təşkili vacib şərtlərdəndir. Bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində işləri davam etdirir.
Gununsesi.info bildirir ki, AQTA-dan Trend-ə verilən məlumata görə, hazırda Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında monitorinqlər, maddi-texniki bazanın yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi işləri həyata keçirilir. Həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.
Qeyd edək ki, qida təhlükəsizliyi nəzarəti məntəqələrində kəsim üçün nəzərdə tutulan heyvanlara ilkin baxışdan başlayaraq bakterioloji müayinələrə qədər heyvanların kliniki baxışı, termometrik və orqanoleptik müayinəsi, habelə süd və süd məhsullarının, quşçuluq və arıçılıq məhsullarının müayinəsi aparılacaq.