Azərbaycanda banklar bu dollarları niyə qəbul etmir? – Deputatdan vacib AÇIQLAMA - VİDEO

Son günlər bəzi banklar və valyuta dəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əskinaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əskinasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əskinasları plastik kartlara mədaxil etmək mümkün olmur.

Gununsesi.info xəbər verir ki, söhbət daha çox 100 dollarlıq əskinaslardan gedir. Xatırladaq ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəszilik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əskinasda mis rəngli mürəkkəb qabı da qeyd olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni əskinasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir. “ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əskinasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda əksər Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar.Yəni “köhnə dollarlar” əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avro əskinasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əskinaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər”, – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa da belə bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir: “Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir.Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir”.

Ətraflı məlumatı aşağıdakı videodan əldə edə bilərsiniz:

Gununsesi.info