Azərbaycanda benzinin qiyməti niyə ucuzlaşmır?

Azərbaycanda benzinin qiyməti niyə ucuzlaşmır?

113070

 

Azərbaycanda benzinin qiyməti ucuzlaşa bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  Gununsesi.info-ya açıqlamasında hökumətin Tarif Şurasının qiymətinin saxlamağa çalışdığını bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Eyni zamanda  92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.

Bu markalı benzinlər yerli istehsal olunan yanacaqlardır və qiyməti Tarif Şuraşı tərəfindən tənzimlənir. Ölkəyə idxal olunan yanacaq isə Aİ-98 markalı benzindir.

Nazirlər Kabinetinin bu qərarından sonra əksər media orqanlarında benizinin qiymətinin ucuzlaşacağına dair yazılar yer almaqdadır. Səbəb kimi isə dünya bazarında neftin və neft məhsullarının qiymətinin ucuzlaşması ilə əlaqələndirirlər.

İ.Şaban deyir ki, Azərbaycanda benzin idxalını iki şirkət həyata keçirir: “Bunlar “AzTrans” və SOCAR-dır. Hökumətin məqsədi bu məsələdə neftayırma zavodunun təmiri müddətində Aİ-92 benzinin qiymətinin elə 0,70 AZN səviyyəsində saxlamasını təmin etməkdir. Atılan addımlar da buna görədir”.

Onun sözlərinə görə, Aİ-92 ölkəyə indiyədək idxal olunmadığına görə, qiyməti tənzimlənirdi. Bu səbəbdən, Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxmayıb: “İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni 60 gün ərzində qüvvədədir və oktyabrın 15-dən sonra qüvvədən düşəcək. Üçüncüsü, sadə bir məntiq var, əgər bu markalı benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsal müəssisəsi ilə bağlı məsələdir”.

Ekspert əlavə edir ki, dünyanın hər bi ölkəsində hər bir neftayırma zavodu ildə bir dəfə təmirə dayanır: “Çünki bunu texnoloji proseslər tələb edir. Sadəcə, hazırkı cari təmir işlərinin masştabı böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq.

Bu baxımdan, hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb. Başqa sözlə, aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib. Əslində büdcə onsuz da bu vəsaiti almırdı, çünki həmin maddə üzrə idxal yox idi”.

Qeyd edək ki, H.Əliyev adına Neft Emalı Zavodu cari təmir işləri 2016-cı il avqustun 1-də başlayıb. Bununla əlaqədar zavodda istehsal prosesi tam dayandırılıb. Təmir işləri zamanı qurğuların mövcud vəziyyəti araşdırılacaq, diaqnostik işlər aparılacaq və bunun nəticəsində lazımi qurğu və avadanlıqlarda profilaktiki işlər həyata keçiriləcək. Həmçinin bir sıra yenidənqurma işlərinin də görülməsi planlaşdırılır.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info

COMMENTS