Azərbaycanın bağlanmış daha 2 kommersiya bankının ləğvi “Texnikabank” ASC–nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti 16 ünvandakı inzibati binada həyata keçiriləcək. Söhbət “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC–lərdən gedir.
Bu barədə Gununsesi.info-ya bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Sözügedən ünvan hazırda ADİF-in ikinci ofisi kimi fəaliyyət göstərir.
Banklardan biri – “Qafqaz İnkişaf Bankı” bu gündən həmin ofisə köçüb. Yaxın günlərdə “Atrabank”ı da ora köçürüləcək. Həmin bankların əmanətçilərinə kompensasiya ödənişi də daxil olmaqla bütün məsələlər ADİF-in ikinci ofisində həll olunacaq.
Xatırladaq ki, bundan əvvəl “Kredobank” və “Bank of Azerbaijan” ASC-lərin də Fondun ikinci ofisində ləğv edilməsi qərara alınıb və bağlanmış banklar Babək prospektinə köçürülüb. Bu ünvanda eyni zamanda “Texnikabank”ın ləğv edilməsi prosesi gedir.
Gununsesi.info