Azərbaycanda demokratiyanın inkişafı üçün ABŞ-dan dəstəyə ehtiyacı var - ASİM MOLLAZADƏ

  • By admin
  • 04 Aprel 2019 10:54

Bu günlərdə Azərbaycan parlamentinin üç deputatı “hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstəyi”  təmin etmək üçün Vaşinqtona səfər ediblər.

Milli Məclisin üzvləri Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər.

Gununsesi.org-a açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə səfərlə bağlı danışıb.

Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Azərbaycan parlamentinin Amerika ilə dostluq qrupu və ABŞ Konqresində olan Azərbaycanla dostluq qrupu arasındakı münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri barədə görüşləri olub: “Azərbaycan ABŞ-la tərəfdaşlıq siyasəti aparır və bizim bir sıra istiqamətlərdə fikirlərimiz üst-üstə düşür. Bilirsiniz ki, erməni lobbi qrupları və Ermənistanın arxasında duran qüvvələr Azərbaycana qarşı ABŞ-da, dünyada informasiya müharibəsi aparır. Ona görə də ABŞ-la ABŞ Konqresi ilə münasibətlərin gücləndirilməsinə yönəlmiş bir səfər idi. Mən öz çıxışlarımda ABŞ-da olarkən həm Azərbaycan haqqında, həm də keçmiş sovet sisteminin dəyişdirilməsi və perspektivlər barədə danışdım. Bunlar da hər zaman dediyim sözlərdir. Orada yeni bir şey yoxdur. Mən bunları ABŞ-da birinci dəfə demirdim. Sadəcə olaraq, mövqeyim Azərbaycan iqtidarının fikirləri ilə üst-üstə düşür, onlar da artıq anlayıblar ki, bu yolla getmək lazımdır”.

Deputat qeyd edib ki, ABŞ-da  son zamanlar islahatlarla bağlı atılan addımları müsbət qarşılayırlar: “Ən azı dostlarımız çox gözəl anlayırlar ki, Azərbaycan Amerikanın strateji maraqları üçün də çox önəmli ölkədir və Azərbaycanla əməkdaşlığın zərurəti barəsində olan fikirləri həm icra strukturlarında, həm Konqresdə, həm Senatda müdafiə edəcəklər.  ABŞ çox gözəl anlayır ki, hər bir xalq öz yolunu, öz rəhbərliyini seçməlidir. Sadəcə olaraq, demokratiyanın, fikir azadlığının inkişafı üçün dəstək verə bilər. Mən hər zaman bunu demişəm, ABŞ-da da təkrar etməkdən çəkinməmişəm ki, nə demokratiyanın, nə də Trotskinin inqilabının ixracı heç vaxt nəticə vermir. Demokratiyanı ixrac etmək olmaz. Hər bir xalq demokratiyanı öz gücünə, öz dəyərlərinə arxalanaraq, özü inkişaf etdirir. Azərbaycan isə tarixən Türk və İslam dünyasının lideri olub. Birinci dünyəvi dövlət qurub. Hətta ABŞ-dan qabaq qadınlara seçib-seçilmək hüququ verib. Azərbaycan xalqının çox böyük bir potensialı var ki, liderliyini inkişaf etdirsin və bu liderliyini digər ölkələrə də nümayiş etdirsin. Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr fəallaşıb. Azərbaycanın müasir dövlət kimi inkişafından qorxan dairələr bu yolda Azərbaycanın qarşısını almağa çalışırlar. Ona görə də Azərbaycana dəstək verilməsinə ehtiyac var.məliyik.