
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı ölkəmizdə vətəndaş nikahı haqqında danışıb.
Gununsesi.info-nun xəbərinə görə, deputat bunun Avropadan Azərbaycana keçdiyini və bu niganın Avropa ölkələrinə nisbətdə artdığını deyib.
Spiker Sahibə Qafarova isə deputata cavab olaraq ölkədə vətəndaş nikahının qanunsuz olduğunu bildirib.
Maraqlıdır, vətəndaş nikahı bildiyimiz dini kəbin rəsmi dövlət nikahı qədər vacibdirmi?
Gununsesi.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyir ki, dini kəbin deyilən bir məsələ yoxdur:
“Xurafat tərəfdarları tərəfindən ortaya çıxarılan qondarılmış məsələdir. Vaxtilə istismarçı ruhani təbəqəni formalaşdıran Sovet hökuməti və ya ondan əvvəlki müxtəlif siyasi imperiyaların vaxtında bu məsələlər sanki dini insanların yaşam tərzindən uzaqlaşdırıb bir hündür yerə qoyub toxunulmaz etmək üçün olub.
Baxsaq görərik ki, mahiyyət etibarilə qanunla da eynidir. O dövrlərdə nikahın qeydə alınması idarəsi və ya indiki qanunlar olmayıb. Ona görə də nigah bağlanılması belə nəzərdə tutulmuşdur ki, kimsə gedib öz istədiyi formada evlənib yasamasın. Çünki sonradan bir çox ailədaxili problemlər ortaya çıxa bilər. Bu kimi məsələlərə görə dinimiz bunu bir yazıya köçürməyə bir sübutla həll etməyi buyurur. Bir daha qeyd edirəm dini və ya dinsiz nikah anlayışı yoxdur. İndi mollalar bunu pul almaq üçün edir. Bu həmin o istismarçı həmin o ruhani təbəqəsinin formalaşdırdığı bir məsələdir. Rəsmi nikah varsa kifayətdir. Allahın qanunu da, dinin dediyi də budur.
Sovet dövründə bütün müsəlman xalqlarının 98%-nin dini nikahı olmayıb”.
Onun sözlərinə görə, bu gün dövlət idarəsində nikah bağlayanda müxtəlif şahidlər olur:” Heç dini kəbin oxunanda onların çoxu nəzərə alınmır. Çünki din xadiminin buna elə çox imkan və səlahiyyətləri yoxdur. Təəssüf ki, indiki mollalar bəzən şahid də tələb etmir bir telefon zəngi ilə kəbin oxuyurlar. Ona görə də əslində dövlətin nikahı daha etibarlıdır”,-deyə ilahiyyatçı vurğulayıb.
Tural İrfan deyir ki, insanlar vətəndaş nikahına bəzən müəyyən mürəkkəb problemlərdən daxil olur:
“Özüm bu məsələni ciddi olaraq araşdırmışam. Bəzən hansısa vətəndaş müəyyən sənəd probləmlərindən rəsmi nikaha daxil ola bilmir. Bəzi məmurlar da bu vəziyyətdən sui istifadə edir. Müxtəlif bəhanələr gətirir, məsələyə bürokratik yanaşaraq müxtəlif pul tələb edir. Bu səbəbdən insanlar əziyyət çəkir. Bu vəziyyət daha çox ucqar yerlərdədir. Ona görə də insanlarda sanki bir həvəsizlik var. Düşünürlər ki, hansısa məmura bu qədər pul verdiyinə gedib kəbin etsin”– deyə o əlavə edib.
İlahiyyatçının sözlərinə görə bu məsələ mənəvi cəhətdən məsuliyyətsizlikdir. O deyir ki, dırnağarasi din xadimləri həmişə bu məsələyə maraqlı olub.
” Düşünmürəm ki, burda qəhabət nəsə var. Sadəcə insanlar arasında maarifləndirmə aparmaq lazımdır. İnsanları qanunu, rəsmi nikaha təşviq etmək lazımdır. Yaxşı olar ki, din xadimləri də insanları bu yola yönəltin. Təəsüf ki, dırnağarasi din xadimləri həmişə bu məsələyə maraqlı olub.
Vətəndaş nikahı məsələsini çox dərinləşdirmək lazım deyil. Ailə dəyərlərindən geridə qalanlar və ya müəyyən radikal xurafatçı dini etiqada inanan adamlar var ki, onlar bu dövlətin nigahını əhəmiyyətsiz hesab edir. Daha önəmli olan vacib dini kəbini hesab edir. Dediyim kimi qadağa etmək yox,doğru maarifləndirmək aparmaq lazımdır”– deyə Tural İrfan bildirib.
İlahiyyatçı Hacı Təyyar Hüseynli Gununsesi.info-ya açıqlamasında deyir ki, ideoloji və dini mənsubiyyətinə görə, müsəlman hesab olunan Azərbaycan əhalisi dini nikahı özünə zəruri bilir:
“Bura ölkəmizdə yaşayan müxtəlif xalqları da əlavə etmək olar. Bunların hər biri inanc olaraq dini kəbini özlərinə zərurə bilirlər. İslam dinində də kəbin deyilən bir qayda var. Qurani Kərimin “Nur” surəsi 32-ci ayədə konkret olaraq evlənməklə bağlı göstəriş var. Ayədə evlənin, evləndirin sözləri nikaha qaynaqlandırır.
Bu gün biz ilahiyyatçılar daxil olmaqla rəsmi dövlət nikahından keçməyənlərə heç kəsin dini kəbin icra etmək hüququ yoxdur. Hər bir vətəndaş kimi biz də Azərbaycan qanun qaydalarına riayət edirik.
Vətəndaş nikahı cəmiyyətimizdə o qədər də normal qəbul edilmir. Ailə Mili adət-ənənələrimizdən qaynaqlanan, normal parametrlərinə uyğun olmalıdır. Ya da ki, kimsə müəyyən mürəkkəb səbəblərdən ailə qura bilmirsə fərdi şəkildə kəbin edir.
Bu gün elə cütlüklər var ki, kifayət qədər yaşları və özlərinə aid olan şəxsi hüquqi prinsiplər var. Rəsmi qeydiyyatdan keçməsə də ailə kimi bütün parametrlərlə görə bir evdə yaşayır”– deyə o bildirib.
İlahiyyatçının sözlərinə görə, səviyyəli Azərbaycan ailəsinin modelini yaratmaq üçün, milli dini prinsiplərinə qarşılıqlı əməl eləmək lazımdır:
“Bu gün isə Milli Məclisdə aparılan müzakirələrdə isə heç bir qərəz yoxdur. Sadəcə, yanaşma obyektiv olsa daha yaxşı olar. Düşünürəm ki, əslində fikirlər müxtəlif olsa da, məntiq eynidir.
İslam dini ilə bağlı dərin dini təsirli olmayan insanların fikir bildirməsinə bir qədər iradlı yanaşıram. İslam dinini dərin bilən insanlar danışmalıdır.
Yerindən duran ağzına gələni danışa bilməz. Bu gün ölkə başçımız daxil olmaqla cəmiyyətimizin 99%-i dini qanunlara, Qurani Kərimə, məscidə önəm verib hörmət edirsə nələrisə inkar etmək doğru deyil”– deyə o əlavə edib.
Şəbnəm Rəhimova
Gununsesi.info