Azərbaycanda dollara tələb niyə artır? – Deputatdan vacib AÇIQLAMA

  • By admin
  • 01 Mart 2024 13:04

Fevralın son hərracında dollara tələb müqayisəli olaraq azalsa da, valyuta bazarı üçün ötən ay heç də asan olmadı. Fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur. Bu ilin ilk 2 ayında isə hərraclarda 1 milyard 287,6 milyon dollar satılıb ki, bu da 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sonuncu hərracda 80 milyon dollarlıq sifariş ondan xəbər verir ki, valyuta bazarındakı volatilik bu ay optimallaşdırıla bilər. Deputat qeyd edib ki, ondan əvvəlki 5 hərracın hər birində tələb üç rəqəmli, yəni 100 milyon dollardan çox olmuşdur. “Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq, dollara tələbin kəskin azalmayacağı istisna deyil.

Mərkəzi Bank fevral ayında dollara tələbin artmasını daha çox mövsümi faktorlar ilə bağlı olduğunu bəyan edib. Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da əvvəlki illərin fevral aylarında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var. Belə ki, 2023-cü il fevralında hərraclarda cəmi 326.5, 2022-ci ilin eyni ayında 371.3 və 2021-ci ilin həmin ayında isə 437.4 milyon dollar satılıb. Bu il fevralında isə bu rəqəm 870.6 milyon dollar olub. Göründüyü kimi, 2024-cü ilin fevral ayında müşahidə edilən kəskin artım əvvəlki 3 ilin ferval aylarında qeydə alınmayıb, – deyə o əlavə edib.

Deputat bildirib ki, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. “Belə ki, 2023-cü ildə idxal 17 milyard 285 milyon dollara çatıb. İdxal isə valyuta tələbi deməkdir. Tələbi optimallaşdırmaq üçün isə bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var”, – deyə o yekunlaşdırıb.

 

 

Gununsesi.info