“Azərbaycanda dollara təlabat artacaq” - EKSPERTDƏN XƏBƏRDARLIQ

  • By admin
  • 12 Aprel 2018 14:06

ABŞ-ın Rusiya və İrana qarşı sanksiyaları, eyni zamanda  Türkiyəyə yönəlik siyasəti  artıq özünü bu ölkələrin milli valyutalarının ucuzlaşmasında göstərir.

Türkiyədə lirə son günlərdə dollara nisbətdə  antirekord  qıraraq 1 dollar 4 lirədən  yüksək səviyyəyə qalxıb. Bu vəziyyət Rusiya və İranda da müşahidə olunmaqdadır. Rus rublu və İran rialı da Türk lirəsi ilə eyni aqibəti yaşayır. Adı çəkilən ölkələrin Azərbaycanla sıx  ticari əlaqəsinin olmasını nəzərə  alaraq, Rusiya, Türkiyə və İranın milli valyutalarının Azərbaycanın milli valyutası manata hansı təsirləri  götərəcəyi demək olar ki, bütün cəmiyyəti ciddi narahat edir. Baxmayaraq ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov  manatın gələcək dönəmdə ucuzlaşmayacağını bəyan etsə də, cəmiyyətdə narahatçılıq aradan qalxmayıb. Ona görə ki, bu ölkələrdə baş verənlərin hansısa formada Azərbaycan iqtisadiyyatına təsirləri qaçılmazdır. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün iqtisadçı alim Vüqar Bayramova müraciət etdik.

Manatın gələcək taleyinə aydınlıq gətirən iqtisadçı alim Vüqar Bayramov Gununsesi.info-ya açıqlamasında bildirdi ki,  Rusiya və Türkiyənin milli valyutasının  psixoloji cəhətdən ucuzlaşması  Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərir.

“Birinci, ona görə ki,  Rusiya və Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ən böyük paya malik ölkələrdir. Yəni Azərbaycanın 1,5 milyardlıq qeyri-neft ixracatının 553 milyon dolları Rusiyanın  payına düşür. Bu da ümumi xiracatın 36 faizi deməkdir. Türkiyə ilə birlikdə isə bu həcm 60 fazi təşkil edir. Bu baxımdan həmin  ölkələrdə milli valyutaların ucuzlaşması nəticə etibarı ilə manatın məzənnəsi ilə   uyğun olmadığından, bu ölkələrə göndərdiyimiz məhsulların rəqabət qabliyyətini azaldır. Bu da öz növbəsində  sahibkarların daha az gəlir əldə etməsinə gətirib çıxarır. Digər  bir məqam isə ondan ibarətdir ki, Azərbaycanın aqrar məhsulunun təqribən 90 faizi Rusiya bazarına ixrac olunur. Rus rublunun dəyərdən düşməsi isə sahibkarların  bu bazara mal ixrac etməsində müəyyən çətinlik yaradır. Burada başqa bir məqam da ondan ibarətdir ki, Rusiyadan Azərbaycan göndərilən 2 milyard dollar həcmində olan vəsaitin azalmasına təsir edə bilər”,- deyə V. Bayramov vurğulayıb.

Ekspert bildirib ki, Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması fonunda Azərbaycanda  dollara olan tələbatın artdığının şahidi oluruq: “Birinci rübdə Azərbaycanın  valyuta bazarında 1,3 milyard dollar satılıb. Bu da 2017-ci ilin birinci rübü ilə müqayisədə 65 faiz çoxdur. Yəni ötən ilin analoji dövrü ilə müqayisədə 516 milyon artıq dollar satılıb. Təsəvvür edin 2018-ci ilin yanvarında 299 milyon, fevralda 364 milyon dollar satıldığı halda, martda bu həcm 647 milyon dollar olub. Təkcə fevral və mart ayı ərzində dollar satışının həcmi 78 faiz artıb. Odur ki,  qarşıdakı dönəmdə də dollara olan tələbat artacaq. İyun, iyul və ilin sonunda dollar olan tələbat indikindən daha çox olacaq”.

Bununla belə ekspert əlavə edib ki, son dövrlərdə cüzi də olsa manatın yumşalması baş verməkdədir.

“Son aylarda dolların alış və satışında cüzi də olsa,  ucuzlaşma qeydə alınmaqdadır. Lakin manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın yürütdüyü siyasətdən asılı olacaq”,- deyə V. Bayramov vurğulayıb.

V.Bayramov manatın məzənnəsinin inzibati yolla qorunub-saxlanmasını məqsədəuyğun hesab etmir.

O hesab edir ki, Mərkəzi Bank manatın məzənnəsində optimal interval müəyyən etməlidir və manat bu optimal intervalda üzən məzənnə siyasətinə uyğun olaraq  dəyişməlidir: “Lakin Mərkəzi Bank 2015-ci ilədək olan dövrdə olduğu kimi, son bir ildə də təəssüf ki, inzibati yolla manatın sabit qalması siyasətini yürüdür. Mərkəzi  Bank əslində optimal interval siyasətini həyata keçirməli idi. Onun bu siyasətinin dəyişməsinə ehtiyac var. Əgər Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı siyasətini dəyişərək oprimal interval variantına keçərsə, o zaman manatı gözləyən  xarici şoklardan sığortalamağa və onu minimuma endirməyə imkan verər. Bax buna görə də Mərkəzi Bankın mövcud siyasəti arzuolunan deyil. Çünki əvvəl söylədiyim kimi Azərbaycanda dollara olan  tələb  getdikcə artacaq”,-  deyə V.Bayramov qeyd edib.

Ekspert deyib ki, əgər Mərkəzi Bank  mövcud siyasətini davam etdirəcəksə, o zaman bazara daha çox dollar və digər xarici valyuta çıxarmalıdır: “Bu da daha çox xərc deməkdir”.

Manatın real məzənnəsinə gəldikdə isə V.Bayramov bildirib ki, Mərkəzi Bank manatın üzən mənzənnəyə uyğun olara optimal interval variantına keçdikdən sonra demək mümkündür: “Manatın real bazar məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməlidir və bundan sonra nəsə demək olar. Manatın dəyərini bazar müəyyən edərsə, o zaman gələcəkdə manat onu gözləyən xarici şoklara daha az reaksiya verəcək və ziyan çəkməyəcək”.

Mürtəza

Gununsesi.info