Ağdaşda keçmiş sevgilisini zorla qaçıran gənc və ona kömək edən dostları barəsində məhkəmə hökmü oxunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hadisənin əsas iştirakçısı olan 28 yaşlı Seyran və ona dəstək verən Səxavət ilə Elvin qardaşları uzunmüddətli həbs cəzasına məhkum ediliblər.
Gununsesi.info xəbər verir ki, hadisənin kökündə qısqanclıq və bitmiş münasibəti bərpa etmək cəhdi dayanıb. Seyran dörd il münasibətdə olduğu Gülsümlə ayrıldıqdan sonra barışıq əldə edə bilməyib. Qızın qəti etirazı ilə qarşılaşan gənc onu zorla qaçırmaq planı qurub. Bu məqsədlə dostlarının avtomobilindən istifadə edərək yolda qızın qarşısını kəsib və onu məcburi şəkildə maşına mindirib.
Qaçırılma prosesində Seyran müqavimət göstərən qızı bıçaqla hədələyərək sakitləşdirməyə çalışıb. Vəziyyətin gərgin olduğunu görən Gülsüm hiyləyə əl ataraq evliliyə razı olduğunu deyib və sərbəst buraxılmasını istəyib. Hətta Seyran yolda olarkən qıza evlilik razılığına dair məcburi video da çəkdirib. Lakin evə qayıdan kimi zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmə prosesində Gülsüm ona qarşı edilən hərəkətləri bağışlamadığını və şikayətçi olduğunu bildirib. Hakim zərərçəkmişin ifadələrini mötəbər hesab edərək təqsirləndirilən şəxslərə ağır cəza kəsib. Beləliklə, Seyran 8 il 6 ay, ona kömək edən qardaşların hər biri isə 8 il müddətinə azadlıqdan məhrum edilib.(qafqazinfo)







