Azərbaycanda “Facebook” arxa plana keçir? - Mütəxəssisdən AÇIQLAMA

Sosial şəbəkələr neçə illərdir insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Ölkəmizdə sosial şəbəkələrdən kənar insanları təsəvvür etmək artıq mümkün olmayan statisikaya çevrilib.

İnsanlar “Facebook”, “X” media platforması, və Instagram vasitəsilə müxtəlif paylaşımlar edirlər. Sosial mediadan istifadənin hər zaman mənfi və müsbət tərəfləri olub.

Sosial medianın istifadəsi ilə artıq bir çox işi onlayn etmək mümkündür. Bu səbəbdən insanlar lazım olmadıqca bir araya gəlmirlər. Bayramlarda, ad günlərində insanlar üzbəüz görüşmək əvəzinə müxtəlif mesajlarla qeyd edirlər.

Son dövrlər Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında əyləncə xarakterli mövzulara meyl daha çox artıdığı üçün insanlar “Instaqram”, “TikTok” və bu kimi əyləncə xarakterli sosial şəbəkələrə meyl edir. Bu da Azərbaycan cəmiyyəti üçün bir zaman daha aktual olan “Facebook” sosial şəbəkəsinin əhəmiyyətini getdikcə azaldır. 

Gununsesi.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələyə münasibət bildirib:

“Azərbaycan sosial media sahəsində ictimai rəyə təsir, ictimai fikiri formalaşdıran əsas resurs “Facebook”dur. Hələ uzun müddət bu ictimai rəyin formalaşdırılması, ictimai platforma və ictimai müzakirələr baxımından “Facebook” müstəsna rol oyanacaq.

“Instagram”, “TikTok” və buna bənzər sosial şəbəkələr daha çox əyləncə yönümlüdür. Həmin bu şəbəkələrdə də qərar qəbul edənlər, qərarlara təsir edənlər, ictimai yük daşıyan insanların sayı xeyli artıb. Ona görə də orda ictimai rəylə bağlı hələlik müəyyən problemlər var.

Mümkündür ki, gələcəkdə qeyd etdiyim kəsim, müəyyən sosial qruplar, biznes adamları, deputatlar, rəsmilər ora inteqrasiya etsələr, bu sosial şəbəkələrdə də zaman keçdikcə inkişaf və ictimai güc arta bilər.

Qeyd edim ki, on beş il öncə “Facebook”da insanlar daha çox tanışlıq, əyləncə xarakterli mövzularda fəal idilər. “Facebook” Azərbaycanda indiki səviyyəsinə gəlib çatması üçün on beş il yol keçib. Xatırlayıram ki, biz o dövrlərdə Azərbaycan internet formulu olaraq rəsmilərin, deputatların, jurnalist, media qurum rəhbərlərinin müxtəlif təbəqələrin “Facebook”a inteqrasiya olması ilə bağlı böyük işlər görmüşük”, – deyə o əlavə edib.

Osman Gündüzün qeyd edib ki, əvvəllər tanışlıq resursu olan “Facebook” uzun dövrdən keçib: “Bu gün “Facebook”da rəsmi qurumlar, deputatlar, biznes adamları, vətəndaş cəmiyyətinin təmsilçiləri var. Yəni bütün Azərbaycan toplumu ordadır. Məhz ona görə də “Facebook”un ictimai çəkisi yüksəkdir.  Digər resursların da belə bir yol keçməsinə ehtiyac var”.

Son dövrlər ortaya çıxan problemlərdən biri də “Facebook”un kənar linklərin müxtəlif səhifələrdə və qruplarda ön plana çıxmasında da əngəllər yaratmasıdır. Qeyd edək ki, bir çox media resursları xəbərlərini bu platformadan yayımlayır. Burada məqsəd bu sosial şəbəkə vasitəsilə xəbərlərin daha geniş auditoriyaya çatmasına nail olmaqdır.

Bundan əlavə, son günlər “Facebook”un pullu olacağı barədə də məlumatlar yayılır. Osman Gündüz bu mövzuda da öz fikirlərini açıqladı:

 

“Qeyd edim ki, sosial resurslar həm də, kommersiya qurumlardır. Anlaşılan məsələdir ki, onlar hansısa yoldan pul qazanmağa çalışırlar. Bunu bütün qlobal dünyada görürük. Bu hal tək Azərbaycan ilə bağlı məsələ deyil.

Düşünürəm ki, yaxşı olar ki, Azərbaycan hökuməti bu kimi qurumlarla əməkdaşlıq etsin və onların nümayəndələri ilə müxtəlif görüşlər təyin olunsun.

Burda onların nümayəndəlikləri açılsın ki, onlar burda vergi ödəyiciləri olsunlar.

Bildiyimiz kimi, hal-hazırda Azərbaycanda milyonlarla sosial media üzərindən reklamlar verilir.

Ancaq onun Azərbaycan büdcəsinə heç bir xeyri yoxdur. İstənilən halda, Azərbaycan hökumətinin bu cür qurumlarla əməkdaşlığı doğru addımdır”.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info