Azərbaycanda “gorbagor”, Avropada islahatçı: Dünya mətbuatı Qorbaçovdan nə yazır?

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb. 

Bu barədə “TASS” xəbər verir. Mərkəzi Klinika Xəstəxanası bildirib ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib.

HTML tutorial

M.Qorbaçovun ölümüylə bağlı indiyə qədər dəfələrlə əbər yayılsa da, məhz budəfəki xəbər  təsdiqlənib. Dünya mətbuatı da Qorbaçovun ölüm xəbərinə geniş yer verir. Mətbuat orqanları SSRİ-nin ilk və son prezidentindən nə yazır?

Cebhe.info bəzi seçmələri təqdim edir. 

*“Global Times” qəzeti Mixail Qorbaçov haqqında mübahisəli siyasi xadim kimi yazır: 

“Qərb onun SSRİ-nin Qərb dünyasına yaxınlaşmasında və “soyuq müharibənin” dayandırılmasındakı tarixi rolunu yüksək qiymətləndirdiyi halda, çinli müşahidəçilər onu Qərb dəyərlərini vicdansızlıqla rəhbər tutan, beynəlxalq münasibətləri qiymətləndirməkdə ciddi səhvlərə yol verən faciəli şəxsiyyət kimi dəyərləndirirlər. Çünki bu, ölkə iqtisadiyyatında xaosa səbəb oldu”, – Çin qəzeti yazır.

Şərhçilər bunu belə izah edirlər:

“Tarix göstərdi ki, Qorbaçov sadəlövh və yetişməmiş, ölkəsi üçün müstəqil inkişaf yolu tapmaq və Qərb dünyasına inteqrasiya etmək arasında qalmışdı”.

Material müəlliflərinin fikrincə, Qorbaçovun Qərb sisteminə kor-koranə pərəstiş etməsi SSRİ-nin dağılmasına səbəb oldu, rus xalqı isə siyasi qeyri-sabitlik və ağır iqtisadi böhrandan əziyyət çəkdi.

*CNN televiziya kanalı Mixail Qorbaçovu Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin sözləri ilə xarakterizə edir: “İnsanla iş görmək mümkün olan insan”. Telekanal “SSRİ-nin keçmiş prezidentinin əsas məziyyəti diqqəti iqtisadiyyatın mülki sektoruna yönətmək və silahlanma yarışına son qoyulması prosesini gücləndirmək idi”, -deyib. Lakin altı illik hakimiyyətdə olduğu müddətdə Qorbaçov partiya quruluşu üçün çox sürətli, daha radikal islahatçılar üçün isə çox yavaş hərəkət etdi.

Kanal Qorbaçovun sülh prosesində aparıcı roluna görə 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülməsini əlamətdar hadisə sayır:“Qorbaçov öz ölkəsində deyil, başqa ölkələrdə daha çox hörmət edilən lider idi. Rusiyada kimsə onu Sovet imperiyasının dağıdılmasına, kimsə isə çox ləng dekommunizasiyaya görə bağışlamadı”.

*Fransanın “Le Monde” qəzeti Mixail Qorbaçovu “XX əsr tarixinin əsas oyunçusu”, “Şərqlə Qərbin yaxınlaşmasının müəllifi” və “Rusiyada xaosun günahkarı kimi qəbul edilən yenidənqurmanın atası” kimi xarakterizə edir:

“Qərbdə hörmət qazanan Mixail Qorbaçov 1991-ci ildə siyasətdən getdikdən sonra Rusiyada demək olar ki, anonim yaşayıb. Paradoksaldır ki, Şərqlə Qərbin yaxınlaşmasının yaradıcısı Avropada çox rəğbət qazanırdı, lakin evində az qala unudulub.

Mixail Qorbaçovun rolunu qiymətləndirmək coğrafiya məsələsidir. Avropada və ABŞ-da onun adı həmişə Şərqlə Qərbin yaxınlaşması, 1979-1989-cu illər Sovet-Əfqan müharibəsinin başa çatması, Almaniyanın birləşməsi ilə bağlı anılacaq. Postsovet regionunda münasibət tamam fərqlidir. Bir imperiyanın dağılması? Odur. Sonrakı xaos? Bu da odur”.

*Britaniyanın “The Guardian” qəzeti “Mixail Qorbaçov: xaricdə hörmət edilən və daxildə nifrət doğuran mübahisəli fiqur” məqaləsini təqdim edib.  

“Ömrünün sonuna qədər Mixail Qorbaçov ikili reallıqda yaşadı – Vaşinqtonda, Parisdə və Londonda hörmətlə qarşılanır və sevilirdi. İslahatlarının doğurduğu təlatümlərə görə onu heç vaxt bağışlamayan çoxlu sayda ruslar tərəfindən isə qəzəblə qarşılanırdı. Onun aşkarlıq siyasəti ruslara əvvəllər ağlasığmaz səviyyədə azadlıq bəxş etdi, lakin çoxları onun hakimiyyətini sonradan həyat standartlarının kəskin şəkildə aşağı düşməsi ilə xatırlayacaqlar.

Rusiya əhalisinin digər təbəqələri Qorbaçovu imperiyanın məhvedicisi kimi görür və onu Baltikyanı Estoniya, Latviya və Litva respublikalarında və keçmiş Sovet blokunun digər ölkələrində müstəqilliyi uğurla təbliğ edən millətçiləri təşviq etməkdə ittiham edirdilər”,-deyə nəşr yazıb.

Göründüyü kimi, fikirlər fərqlidir. Lakin hələlik heç bir mətbuat orqanı SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun keçmiş Sovet respublikalarında, o cümlədən Azərbaycanda törətdiyi qətliamı “xatırlamır”. Görünür, ikili standart burada da özünü göstərir.  Halbuki, məhz Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.

Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Bakıdakı Şəhidlər xiyabanı həmin qanlı tarixi özündə yaşadır.

Buna görə də onun ölümü barədə xəbər yayılanda insanların ilk reaksiyası “görbagor oldu”, “cəhənnəmə vasil oldu” oldu. Azərbaycan tarixi Qorbaçovu heç də yenilikçi, islahatçı kimi yox, azadlıq və müstəqillik istəyən bir xalqı qanına qəltan edən rəhbər kimi xatırlayacaq.   

Gununsesi.info