Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi uzun illərdir Amerikada sürgündə yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin “camaatçılıq prinsiplərini təbliğ edən” dini kitablarının Azərbaycana idxalına mənfi cavab verir.
Gununsesi.info xəbər verir ki, komitənin Dinşünaslıq ekspertizası söbəsinin müdiri Nahid Məmmədov “BBC Azərbaycanca”ya deyib ki, dini mahiyyət daşıyan və qurumla razılaşdırılmayan kitabları əldə edən hər bir şəxs Cinayət Məcəlləsinin 167-2 maddəsi ilə məsuliyyət daşıyır.
Maddənin tələblərinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayan şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildiyi halda 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.
Gununsesi.info