Koronavirus (COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam edir.
Gununsesi.org-un Trend-ə məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bu haqda bildirib.
Onun sözlərinə görə, respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyada gündəlik dezinfeksiya işləri həyata keçirilir:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyada gündəlik dezinfeksiya işlərinin təşkil edilməsinə dair müvafiq tapşırığına uyğun olaraq hər gün ümumilikdə 5 min avtonəqliyyat vasitəsində təlimata uyğun şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Respublikanın Bakı, Gəncə, Göyçay, Lənkəran, Mingəçevir, Quba, Şəki, Şirvan, Sumqayıt, Tovuz və Yevlax da daxil olmaqla 11 regional bölməsi üzrə müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi üçün işçi qrup sadalanan bölgələrimiz üzrə ezam edilib. Dezinfeksiya işləri şəhərlərarası, şəhərdaxili və taksi avtonəqliyyat vasitələrinin reysdə olmadığı saatlarda, gün ərzində 2 dəfə (səhər və gecə) təmin edilir”.
“Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə edilir. Əlavə məlumat əldə etmək üçün qaynar xətt: 012 566 52 58 və 012 567 06 57”.