Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. Sıragagün keçirilən hərracda isə 74.9 milyon dollar satılmışdı. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci ayında keçirilən ilk 2 hərracda 103.9 milyon dollar satılmışdı. Yəni, iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir. Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşmədi. Bununla belə, xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır.
O vurğulayıb ki, bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. “Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər.
Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, – deyə o bildirib.
Gununsesi.info