Azərbaycanda iki iri bank birləşir

  • By admin
  • 03 Noyabr 2017 14:38
Yaxın saatlarda “AFB Bank” və “Bank of Baku”nun səhmdarlarının bu bankların birləşməsi barədə qərar qəbul edəcəyi gözlənilir.
Gununsesi.info xəbər verir ki, FED.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, birləşmənin səbəbi “Bank of Baku”nun maliyyə vəziyyətinin pis olması və bankın kapitalının tələbə cavab verməməsidir.
Belə ki, 2017-ci ilin əvvəlindən indiyədək bankın kapitalı 44,4% azalaraq, ilk 9 ayın nəticələrinə görə, 40,5 mln. manata enib. Bu da banklar üçün nəzərdə tutulan tələb həddindən (50 milyon manat) azdır. Maliyyə Bazarlarına Nəzarət Palatası bankın səhmdarlarından kapital tələbini yerinə yetirməyi tələb edir, ikinci yol isə bankın digər banka birləşdirilməsidir.
Bu dövrdə bankın digər əsas göstəricilərində də azalma müşahidə edilir. “Bank of Baku” 2017-ci ilin ilk 9 ayını 31,8 milyon manat xalis zərərlə başa vurub. Bankın aktivləri 21,1%, kredit portfeli 22% azalıb.
Palatanın tələblərini nəzərə alan bankın təsisçiləri konsolidasiya qərarı veriblər. Bu məsələ “Bank of Baku”ya təsisçiləri baxımından daha yaxın olan “AFB Bank”la müzakirə edilir. Birləşmə barədə qərarın bu həftənin sonunadək, yəni yaxın saatlarda verilməsi gözlənilir.

Gununsesi.info