Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayılıb

  • By admin
  • 13 Sentyabr 2023 09:42

“Son üç ayda Azərbaycan Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri əsasən gözlənilməyib. İnsan hüqüqları, xüsusilə, siyasi azadlıqlar kobud surətdə tapdanılıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2023-cü ilin iyun, iyul, avqust ayları üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir.

Hüquq müdafiə təşkilatı bildirir ki, Konstitusiyada təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları – hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq hüquqları, sərbəst toplaşmaq, vicdan, söz və fikir, mətbuat və məlumat azadlıqları pozulub, qanunsuz cəzalandırmalar geniş vüsət alıb.

“Dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə təminat verməyib. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ məhdudiyyətlərlə müşayiət edilib. Azərbaycan hökuməti hüquqi və siyasi açılımlara maraq göstərməyib, əksinə, tənqidçilərə qarşı repressiv tədbirləri genişləndirib. Hakimiyyət qollarına demokratik idarəetmə yad olub. Dövlət hakimiyyəti orqanları vətəndaş cəmiyyətinin, azad KİV-in, müstəqil hüquq-müdafiə institutlarının, bütövlükdə siyasi sistemin inkişafına maraq göstərməyib. Heç bir hüquqla məhdudlaşamayan möhkəmlənmiş avtoritarizm dövlət və cəmiyyət həyatının təməllərinə nüfuz edib. Parlamentin, məhkəmələrin üzərində ali icra hakimiyyətinin təsiri artıb”, sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, ölkədə işgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar halları çoxalıb.

“Siyasi məhbusların sayı 200-ü ötüb. Şəxsi həyata zorakı müdaxilə, ifadə, mətbuat azadlığının məhdudlaşdırılması, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin, ictimai aktivistlərin, hüquq müdafiəçilərinin, siyasi xadimlərin, müxalif yönlü partiya rəhbərlərinin, iqtisadçıların, mühacir fəalların həbsi adiləşib” deyə hesabatda bildirilir.

 

ELmar

Gununsesi.info