Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər mövzusunda dəyirmi masa keçirilib

  • By admin
  • 27 Sentyabr 2017 10:06

IMG_2714

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edib.

Gununsesi.info-ya İİTKM-dən verilən məlumata görə, müzakirəni Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə açıb. “Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşdırılması: proses və nəticə” mövzusunda danışan rektor deyib ki, qısa zaman ərzində uğurla inkişaf etdirilən innovativ, çox zaman unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində qısa zaman kəsiyində Azərbaycan dünya liderləri sırasına çıxarılıb: “Bu proseslərin əsasında kadr potensialının inkişafı, ölkə Prezidenti İlham Əliyevin hələ 2003-cü ildə Dünya Sammitində “qara qızıl”ın insan qızılına” çevrilməsi konsepsiyası durur.

Dövlət qulluqçularının hazırlanması sahəsində Prezidentin müvafiq Fərmanı əsasında qurulan, aparıcı təhsil və analitik mərkəz olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasında təhsil alan bakalavr, magistr və doktorantlarla yanaşı, hər il 2000-ə yaxın dövlət qulluqçusunun hazırlanması və yenidən hazırlanması həyata keçirilir. Bu təlimlərin keçirilməsində Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, Prezident Administrasiyasının yüksək rütbəli dövlət məmurları, nazirlər, dövlət komitələrinin sədrləri, görkəmli alim və ziyalılar iştirak edirlər. Məruzədə bu proseslərin nəticəsi kimi 21-ci əsrin əsas prioriteti olan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycanın dünya liderləri sırasında yer alması beynəlxalq təşkilatların hesabatları əsasında təhlil olunur.”

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatında islahatlar bəhrəsini verməkdədir. Belə ki, neft qiymətlərinin kəskin enişi və əsas ticarət partnyorlarında resessiya səbəbindən 2016-cı ildə ÜDM azalsa da, 2017-ci ildə yeni reallığa adaptasiya prosesi gedir, 2018-ci ildən isə iqtisadi artım tam bərpa olunacaq. “İslahatların 2017-ci ildə ən böyük uğurları kimi tədiyyə balansında müsbət dəyişiklik, manatın sabitliyi, qeyri-neft ixracında 1/3 səviyyəsində artım, strateji valyuta ehtiyatlarının artması, həmçinin biznesin və ev təsərrüfatlarının gözləntilərinin müsbətə doğru dəyişməsi qeyd edilə bilər.İslahatlar davamlı olaraq həyata keçirilir. “Doing Business” indeksinin 9 alt indikatoru üzrə islahatlar davam edəcək. Tədbirlər Planı çərçivəsində atılacaq addımlar sırasında əsasən tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib. Kredit Zəmanət Fondunun yaradılması ilə kredit resurslarına çıxış asanlaşacaq və iqtisadiyyatın maliyyələşməsi artacaq. Ümumilikdə strateji yol xəritələrinin icrası iqtisadiyyatın yeni inkişaf tsiklinə öz müsbət təsirini göstərir”.

Dəyirmi masada iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə öz növbəsində vurğulayıb ki, son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, yenidənqurma və quruculuq işləri ciddi nəticələr verir. Ziyad Səmədzadənin sözlərinə görə, dünyada olduğu kim Azərbaycanda da iqtisadi islahatların dərinləşməsinə ehtiyac var. “Bu gün artıq biz 2050- ci ili  proqnozlaşdırarkən neft sahəsi ilə yanaşı digər sahələrdə –  aqrar sektorun, tikintinin, infrastruktur layihələrin də həyata keçirilməsini planlaşdıra bilərik. Azərbaycanda isə iqtisadi islahatların dərinləşməsi möhkəm təməl üzrəində qurulur. Yoxsulluğun 51% dən 5 %-ə qədər endirilməsi, məşğulluğun dinamikasında artım,  regionların inkişafı, digər strateji proqramların uğurla həyata keçirilməsi iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradır.”

Dəyirmi masada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse- prezidenti Vüqar Zeynalov da öz fikirlərini səsləndirib. Onun qənaətincə,  islahat prosesi müddətində Azərbaycanda bir neçə sənaye parkı, aqropark yaradılıb, bununla da işgüzar mühit canlanıb, sahibkarlıq inkişaf edib. Regionlarda yüksək texnologiyalara əsaslanan və rəqabət qabiliyyətli məhsul edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənib.

Dəyirmi masa iştirakçılarının müzakirəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor və tələbə heyəti də qoşulub.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  bu mövzuda silsilə tədbirlərin keçirilməsini davam etdirəcək. Məqsəd ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılmasıdır.

Gülnaz Qənbərli

Gununsesi.info