Azərbaycanda kiberdələduzluq hazırda heç vaxt olmadığı qədər yüksək həddə çatıb.
Bu səbəbdən yaş qruplarına görə hazırda aktiv olan bir çox dələduzluqlar barəsində qısa məlumatlar yazacam ki, vətəndaşlar aldanmasın.
İnvestisiya dələduzluğu
– Vətəndaşa az məbləğdə etdiyi yatırımlarla qazanc imkanı yaradan bu dələduzluq metodu növbəti mərhələdə qurbandan daha çox pul tələb edir. Qurbana kiçik məbləğlərlə qazancını ödəyib, tam inandırdıqdan sonra bu məbləğlər 20-30 min manata qədər qalxır və sonda dələduzlar balansda yığılan pulu çıxarmaq üçün balansdakı qədər pul tələb edib, aradan çıxırlar.
DYP cərimələrinin endirimli ödənilməsi
– Bu dələduzluq növündə saxta yaradılmış keçid linki ilə vətəndaşın şəxsi məlumatlarına uyğun endirimli cərimə məbləğləri təklif olunur. Platforma – vətəndaş FIN kodunu daxil edən zaman real zamanda onun cəriməsini göstərə bilir. Burada dələduzlar böyük ehtimalla arxa planda yazdığınız FIN koda uyğun olaraq rəsmi DYP saytında cərimə yoxlanışını aparıb, saxta saytda göstərirlər. Bu da kifayət qədər inandırıcı olur və həqiqətən sizin cərimə əks olunur. Ödəyən zaman isə kart məlumatlarınız əldən gedir.
Azerpoçt-dan gələn “trendyol” bağlaması
– Bu günlərdə trendyol sifarişlərinin çox olduğu bir zamanda Azerpoçt adından bağlamanızın bəyan edilməsi və ya hansısa səbəbdən bağlamada problem yaranması barəsində xarici nömrədən mesaj gəlir. Burada çox cüzi məbləğ ödəmək tələb olunur. Lakin əsas hədəf kart məlumatlarını alıb, bütün kartda olan vəsaiti oğurlamaqdır.
Bankların Yeni İl münasibətilə lotoreya dələduzluğu
– Əlamətdar günlər və bayramlarda bank səhifələri adından şanslı istifadəçi olaraq 200AZN, 500AZN qazandığınızı bildirən Facebook, Instagram reklamları. Bu reklamlara klik etdikdə, vəsaiti qəbul etmək üçün kart məlumatları tələb edilir. Əsas hədəf təbii ki, kart məlumatlarını əldə edib, hesabdakı pulları oğurlamaqdır.
Rəqəmsal xiyar dələduzluğu
– Bu model bilinən piramida sistemidir. Xarici vətəndaşlar müxtəlif ferma qrupları yaradaraq vətəndaşları piramida zəncirinə cəlb edir. “Future Farm”, “PazFarm” kimi platformalar nümunədir. Adlar fərqli olsa da interfeys eyni olaraq qalır. Hər şey Əkrəm adlı şəxsdən gələn mesajla başlayır. Əsas tələb rəqəmsal fermada yetişdirilən tərəvəzlərə yatırım etməkdir.
Çox qat ƏDV dələduzluğu
– Müxtəlif saytlarda sizdən şəxsi məlumatlarınızı tələb edərək, çeklərə müvafiq olaraq 3x 5x ƏDV qaytarılması təklif edilir. Əsas hədəf ƏDV hesabınıza bağlı olan bank kartı məlumatlarınızı əldə etməkdir. Endirimli komunnal ödənişlər dələduzluğu – Bu növ saytlarda edəcəyiniz kommunal ödənişlərə ciddi endirimlər vəd edilir. Bu saytlarda şəxsi məlumatlarınızı yazdıqdan sonra endirim təklif olunur. Əsas hədəf yenə də kart məlumatlarının əldə edilməsi və balansdakı vəsaitlərin mənimsənilməsidir.
Qeyd etdiyim hər bir halda itirilmiş vəsaitlərin geri qaytarılması 99% hallarda mümkün olmur. Çünki vəsaitlər anındaca xarici hesablara çıxarılır və iz itirilir.
Fərid Pərdəşünas
Gununsesi.info