Azərbaycanda kiçik ölçülü çörəklər istehsal edilsin -TƏKLİF

  • By admin
  • 15 Yanvar 2022 10:58

Çörəyin və unun qiymətinin bahalaşması sosial şəbəkələrdə geniş müzakirə olundu.

Bu müzakirələrdə bir çoxları təklif edir ki, çörəyin qiymətini artırmaqdansa, onun formasını və çəkisini dəyişmək daha uyğun olardı.

Necə ki, bir çox xarici ölkələrdə həm qənaət etmək, həm də israfçılığın qarşısını almaq üçün çörəklər kiçik ölçülərdə, hətta dilimlərlə satılır.

Bu baxımdan Azərbaycanda da azçəkili, daha kiçik ölçülü çörəklərin istehsal olunması həm israfçılığın qarşısını alar, həm də insanların büdcəsinə ciddi təsir göstərməz.

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində Azərbaycanda uzun illərdir ki, çörəyin qiymətinin sabit saxlanılmasını çəkini azaltmaqla mümkün olub.

Onun sözlərinə görə, son zamanlar dünya bazarlarında taxılın, unun qiymətinin kəskin artması artıq bu yolu mümkünsüz etdi:

“Hökumətin un istehsalçılarına datasiyaları var idi. O datasiyalar yanvarın birindən ləğv edildi. Nəticə etibarı ilə bu unun, çörəyin bahalaşmasına gətirib çıxardı. İndi çəkini aşağı salaraq, çörəyi ucuzlaşdırmaq məsələsi ilə bağlı problemlər var. Təndir və zavod çörəklərində çəki artıq o həddədir ki, ondan da aşağı salmaq texnoloji olaraq mümkün deyil.

Bu zaman çörəyin bişirilməsində problem yaranacaq. Məhz zavod çörəyi dediyimiz dairəvi çörəyin çəkisi ilə bağlı isə bəlli standartlar var. Bu standartlar Nazirlər Kabineti tərəfindən təsdiqlənir”

Ekspert qeyd edib ki, əhalinin çox hissəsinin istifadə etdiyi zavod çörəyinin formasının dəyişilməsi və çörək istehsalçıların cərimələnməməsi üçün bu standartlarla bağlı yeni qərar qəbul olunmalıdır:

“Yeni qərarlar istehlaçıları hansısa bir formada cəzalandırmağın mümkün olmaması üçün önəmlidir. Bu qərar çörək istehsalçıları ilə hökumət, Nazirlər Kabinetinin birgə müzakirələri nəticəsində qəbul oluna bilər. Amma texnoloji olaraq elə həddə olmalıdır ki, çəkinin aşağı salınması çörəyin keyfiyyətinə və insan sağlamlığına zərər vurmasın”.

N.Cəfərli bildirib ki, özəl sektor və ya təndir çörəklərinin istehsalında bunu etmək mümkündür:

“Amma zavod çörəyi ilə bağlı Nazirlər Kabinetinin bəlli qərarı var. Bu qərar bəzi kiçik özəl çörək sexlərinə aid deyil. Bakı şəhərində səhv etmirəmsə, 6 iri çörək zavodu var və onlar Nazirlər Kabinetinin müəyyən etdiyi çörək standartlarını istehlakçıya təqdim edirlər”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanda çörəyin qiyməti bahalaşıb. Rəsmi olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpikdir.

Gununsesi.info