Məişət zorakılığı ilə bağlı məlumat bankına daxil olan məlumatlarına görə Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85,5 faizi qadınlar, 14,5 faizi kişilərdi.
Gununsesi.info-xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
“Məişət zorakılığı ilə bağlı məlumat bankı 2015-ci ildə yaradılıb. 2015-ci ildə banka 346, 2016-cı ilin I yarısında 184 fakt daxil edilib. Ümumilikdə banka daxil olan 530 məişət zorakılığı faktı təhlil olunub və müəyyən edilib ki, məişət zorakılığına məruz qalan kişilərin 9,2 faizi yetkinlik yaşına çatmayan oğlanlar, 3,2 faizi qocalar, 2,1 faizi isə 25-45 yaşlı kişilərdir. Azərbaycanda fərqli yanaşmalar var ki, kişilər də zorakılığa məruz qalırlar. Lakin burada yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan söhbət getmir. Kişiyə qarşı ailə üzvləri tərəfindən zorakılıq törədilir”, – deyə E.Səfərov bildirib.
Onun sözlərinə görə, kişilərə qarşı daha çox psixoloji zorakılıq törədilir. Bu zorakılıq ailə üzvləri tərəfindən törədilə bilər – kişi kişiyə qarşı, qadın kişiyə qarşı və s. ola bilər. Fiziki zorakılıq isə daha çox kişilər tərəfindən qadınlara qarşı törədilir. Amma “qadınlar zorakılıq faktı törətmir” fikri də yanlışdır. Komitənin fəaliyyət göstərdiyi müddət ərzində elə qətl faktları olub ki, onlar qadınlar tərəfindən kişilərə qarşı törədilib.
Şöbə müdiri bildirib ki, Azərbaycanda fiziki zorakılığa məruz qalanlar arasında 25-34 yaşlı kişilərin sayı çox azdır. Bu yaşda olan kişilər əsasən psixoloji zorakılığa məruz qalanlardı. Statistikaya görə 99 faiz psixoloji və seksual zorakılıq halları ilə bağlı məlumatlar acıqlanmır. Zorakılığa məruz qalan əksər insanlar dövlət orqanlarına müraciət edəndə bəzi məsələlərin bağlı qalmasını istəyirlər.
“Məişət zorakılığını törədən şəxslərin 40,3 faizi işsiz insanlar, 34 faizi fəhlə, 1 faizi müəllim, 22,7 faizi fərdi əməklə məşğul olanlar, 2 faizi təqaüdçülərdir. Məişət zorakılığını törədən şəxslərin 91,9 faizi orta, 3,2 faizi ilk peşə ixtisas, 3,8 faizi orta ixtisas, 1,1 faizi ali təhsillidir. Ən çox məişət zorakılığına məruz qalanlar valideyn himayəsindən məhrum olan uşaqlar və evdar qadınlardır. Məişət zorakılığına məruz qalanların 74,3 faizi evli, 25,7 faizi subaydır”, – deyə E.Səfərov əlavə edib.
Gununsesi.info