Azərbaycanda maska rejimi tətbiq ediləcək? – AÇIQLAMA

  • By admin
  • 19 Fevral 2024 14:11

Qış aylarında respirator infeskiyaların sayı artır. Bu infeksiyalara qrip, COVID-19, eyni zamand, qızılca virusunu göstərmək olar.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanda maska rejimin tətbiqi gözlənilmir.

“Maskadan istifadə hər bir şəxsin öz məsuliyyəti daxilində olan bir haldır. İstənilən şəxs virusdan qorunmaq üçün maskadan istifadə edə bilər. Eyni zamanda, gigiyena qaydalarına əməl edilməsi, ara məsafə gözlənilməsi xəstəliyə yoluxma riskini azaldan hallardır.

Maska istifadəsi də məcburi deyil. Sadəcə, ehtiyat tədbir kimi istifadə edilə bilər. Zaman-zaman insanlara maskadan istifadənin zərurətini daimi olaraq xatırladırıq. Düşünmürəm ki, maska rejimi tətbiq edilsə, xəstəlikdən tam qoruna bilərik.

Qrip, qızılca, COVID-19-dan qorunmağın yeganə vasitəsi peyvənd olunmaqdır. Sadəcə, bu yolla viruslardan qoruna bilərik. Digər gigiyenik qaydalar, ara məsafə saxlanılması, maskdan istifadə isə yalnızca yoluxma riskini azalda bilər”, – deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

 

Gununsesi.info