Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb

Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb

“Imagine Cup 2018” innovasiya müsabiqəsinin Milli Turuna start verib. Gənc istedadlar arasında keçirilən “Imagine Cup 2018” beynəlxalq texnoloji müsabiqənin Milli Finalı Bakıda cari ilin aprel ayında keçiriləcək.

Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri “Imagine Cup 2018”in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan – 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.

Bir çox tələbə üçün “Imagine Cup” kimi nüfuzlu müsabiqədə iştirak uğurlu karyeranın başlanğıcı ilə nəticələnir. Komandalar öz ilk layihələrini təqdim edərək informasiya texnologiyaları sahəsinin aparıcı mütəxəssislərindən tövsiyələr alırlar.

“Təhsil sahəsi “Microsoft” şirkətinin prioritet istiqamətlərindən biridir. “Microsoft”un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. “Microsoft Imagine Cup” – innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara “Made in Azerbaijan” nişanı ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik”, – deyə “Microsoft Azerbaijan” şirkətinin Azərbaycan üzrə Baş Direktoru Sərxan Həşimov bildirib.

“Imagine Cup 2018” müsabiqəsinin Milli Turu çərçivəsində münsiflər heyəti unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirəcək və gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi 2018-ci il fevral ayının 26-dək davam edəcək ki, burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır.

Müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı, “SABAH Qrupları” və Landmark Business Center tərəfindən dəstəklənir. İnformasiya dəstəyi

1news.az, İnfoCity, İnsider.az, ASAN Radio və “Media FM” Radiostansiyası tərəfindən həyata keçirilir.

“Imagine Cup 2018” müsabiqəsinin əsas texniki şərti: təqdim olunan bütün layihələrdə “Microsoft Azure” bulud xidməti istifadə olunmalıdır.

Bu il əlavə 3 nominasiya üzrə də seçim aparılacaq – “Mixed Reality”, “Artificial Intelligence” botlar, “Big Data”.

2017-ci ildə “Microsoft Imagine Cup” müsabiqəsinin Kiyevdə keçirilən Avropa finalında Azərbaycanı “Neftçi” komandası təmsil edib və 2-ci yerə layiq görülmüşdür. Tələbələr “Microsoft Azure” üzərində “Jabda” adlı əlavə hazırlayıblar ki, bu həll vasitəsi ilə istifadəçilər kafe və restoranlarda xoşladığı musiqini seçə bilirlər. İstənilən musiqi janrın seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşir.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://imagine.microsoft.com/AZ.

Gülnaz Qənbərli
Gununsesi.info

COMMENTS