Azərbaycanda milyardlarla kölgə iqtisadiyyatı və qara mühasibatlıq – Büdcəni içindən çürüdən bəla – Alimdən təklif

  • By admin
  • 06 İyul 2023 18:10

Azərbaycanda kölgə iqtisadiyaytı və qara mühasibatlıq parlamentdə və müxtəkif müstəqil düşüncəli alimlər, ictimai xadimlər tərəfindən gündəmə gətirilib.

Gununsesi.info bu barədə iqtisadçı alim Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Xanım Əhmədova açıqlamasında bir çox hökumət rəsmilərinin və təhlükəsizlik işçilərinin kölgə iqtisadiyyatında aktiv surətdə istifadə etdiyini və buradan böyük gəlirlər qazandığını deyir.

“Demək olar ki, hazırda kölgə iqtisadiyyatı iqtisadi sistemin bir hissəsinə çevrilmiş vəziyyətdədir. Kölgə iqtisadiyyatını bəsləyən bir-biri ilə əlaqəli bir neçə əsas amil var ki, bunlar; ölkədə nağd pul istifadəsinin çoxluğu, qeyri-şəffaflıq və qanunların işləməməsidir”, – deyə iqtisadçı alim vurğulayır.

Vüsalə Əhmədova bildirir ki, kölgə iqtisadiyyatı yoxsulluq səviyyəsinin və sahibkarlıq sektorunda dövlətin payının yüksək olduğu ölkələrdə yaşanır.

“Digər faktorlar kimi; fərdi mənfəət vergisi, gəlir vergisi və ya dolayı vergilərin çox olması; ökədə ümumən vergi ödəmə əxlaqının olmaması; işsizlik səviyyəsinin yüksək olması; bir neçə böyük şirkətin bazarı inhisarına alması; ölkədə günəmuzd işləyənlərin sayının çoxluq təşkil etməsidir. Ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir. Məsələn, Avropada və ya Türkiyədə kiçik mağazalar, kafelər vergi yükünün bir hissəsindən yayınmaq üçün gəlirlərini natamam bəyan etdikləri halda, Azərbaycanda yüksək çinli məmurların iri müəssisələri, restoranları, şadlıq evləri vergidən yayınırlar. Ən əsası, yüksək korrupsiya, demokratik institutların zəifliyi və iqtisadiyyatdakı tənəzzül qeyri-rəsmi biznesin inkişafına zəmin yaradır”.

Daha sonra iqtisadçı V. Əhmədova fikirlərini statistik rəqəmlər və müqayisələrlə belə əsaslandırır:

” İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (Association of Chartered Certified Accountants – ACCA) dünya miqyasında kölgə iqtisadiyyatının qiymətləndirilməsi və proqnozu ilə bağlı mütəmadi araşdırmalar nəşr edir. Həmin qurumun “Kölgə iqtisadiyyatı 2025-ci ilə qədər” hesabatında, 28 ölkədə kölgə iqtisadiyyatının ÜDM-dakı payı göstərilib hansı ki, siyahıya Azərbaycan liderlik edir. 2020-ci ildə ölkəmizdə kölgə iqtisadiyyatı ÜDM-un 56,73%-ni təşkil edib. Hətda bu göstəricinin 2025-ci ildə 58,38%-ə yüksələcəyi də proqnozlaşdırılır. 2016-cı ildə ÜDM-un nominal dəyəri 59.99 milyard manat olduğu halda, kölgə iqtisadiyyatının təxmin edilən dəyəri 40.22 milyard manat olmuşdur. Ayrıca, ölkələr üzrə kölgə iqtisadiyyatının ölçüsünü müəyyən edən ilk üç cari amil qeyd edilib hansı ki, ölkəmiz üzrə bunlar, korrupsiyaya nəzarət və demokratik hesabatlılığın olmamasıdır. Nəzərinizə çatdırım ki, 1999-2010-cu illərdə Avropada ən yüksək kölgə iqtisadiyyatı Bolqarıstanda və Rumınyada mövcud olmuşdur ki, müvafiq olaraq həmin ölkələrdə ÜDM-un cəmi 34,6% və 32,2%-ni təşkil etmişdi. Ölkəmizdə isə ÜDM-un üçdə ikisi qeyri-rəsmi sektorun payına düşür. Beləcə, ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir”.

Onun fikrincə, bunlaırn içində ən başlıcası isə, rüşvət və korrupsiya hallarının baş alıb getməsidir. Əhmədova korrupsiyanı bəsləyən ən önəmli faktorı qanunların işləməməsi və ya qanunların icra edilməsinə ciddi nəzarət mexanizminin olmaması ilə əlaqələndirir.

İqtisadçı xanım daha sonra “BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının” (UNCAC) 6-cı maddəsinin 2-ci bəndini örnək göstərir:

“Dövlət, korupsiyaya qarşı mübarizə aparan qurumlara öz funksiyalarını səmərəli və əsassız təsir olamadan yerinə yetirmələri üçün zəruzi muxtariyyət verməlidir”.

Əhmədova söyləyir ki, Azərbaycanda icra və məhkəmə hakimiyyətlərinin təsiri altında fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından biz heç bir ədalət gözləyə bilmərik.

“Hansı ki, bu Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Bundan əlavə, Konvensiyanın 13-cü maddəsində də deyildiyi kimi, dövlət sektorundan kənar şəxslərin və qrupların rüşvətlə mübarizəyə aktiv qoşulması təşviq edilməlidir. Vətəndaş cəmiyyətinin, qeyri-hökumət təkilatlarının, yerli icmaların korrupsiya ilə mübarizə aparmaları, rüşvət halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaları üçün şərait yaradılmalıdır. Xüsusilə də, rüşvətlə bağlı məlumatı araşdırmaq, almaq, dərc etmək və yaymaq azadlığı təmin olunmalıdır. Rüşvətlə bağlı hər hansı bir faktı müvafiq quruma bildirən şəxsdən subut tələb etməyə ehtiyac yoxdur. Əksinə, həmin şəxsin anonimliyi qorunaraq, qurum dərhal fəaliyyətə keçməli və faktı araşdırmalıdır. Rüşvətlə mübarizədə vətəndaş cəmiyyətinin rolu çox böyükdür”.

Kölgə iqtisadiyyatının önünə keçmək üçün başqa təkliflər olaraq alim Əhmədova ölkənin vergi və sosial müdafiə sistemi təkmilləşdirilməsini önəmli bilir.

“Vergi sistemi, minimum aylıq əmək haqqı ilə yüksək əmək haqqı alanlar, günəmuzd işləyənlər ilə daimi işləyənlər, aşağı ixtisaslı işlərdə işləyənlər ilə yüksək ixtisaslı işçilər arasında fərq qoymalı, ədaləti təmin etməlidir. Hüquqi və inzibati sistem inkişaf etdirilməli, yeni qanunlar qəbul edilməli, nəzarət strategiyaları yaradılmalı, sosial müdafiə sistemi tərəfindən sərt nəzarət həyata keçirilməlidir. İşçilərin qeyri-qanuni işə cəlb olunması cinayət fəaliyyəti kimi qanunvericiliyə daxil edilməlidir. Vergi və sosial müdafiə sistemini heçə sayan yüksək çinli məmurlar maliyyə sanksiyalarına və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bilirsiniz ki, ağır cəzalar hər zaman çəkindirici olur”.

Əhmədovanın fikrincə, vergi və sosial müdafiə sistemindəki sənədləşmə prosesinin sadələşdirilməsi kimi dolayı tədbirlər də çox önəmlidir. “Mütəmadi qeyd etdiyim kimi, ölkədə elektron ödəmələr sisteminin geniş tətbiqi əməliyyatlara şəffaflıq gətirən və kölgə isqtisadiyyatının işini çətinləşdirən ən önəmli amildir”.

Ekspert xanım elektron ödəmələrin çoxluğu ilə kölgə iqtisadiyyatı arasında hər zaman mənfi korrelyasiya mövcudluğunu vurğulayaraq bunları deyir:

“Elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində kölgə iqtisadiyyatı çox cüzidir. Professor Schneider-in araşdırmasına görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik olaraq 10% artırılması kölgə iqtisadiyyatının həcmini 5% aşağı salır. Məsələn, İşveç kimi bir ölkədə restoranlar artıq nağd ödəniş qəbul etmirlər. Kölgə iqtisadiyyatının vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirləri ilə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirləri də mövcuddur”.

Onun sözlərinə görə, kölgə iqtisadiyyatındakı sahibkarların formal iqtisadiyyata keçməsini təmin edən iqtisadi-siyasət yürüdülərsə və bu mənfi halın önünə keçilərsə, hər il büdcəyə 53783,38 milyon manat əlavə vəsait cəlb etmək mümkün olar.

 

Arzu

Gununsesi.info