Azərbaycanda müstəqil Turizm Nazirliyiniə ehtiyac var – Sabiq nazir

  • By admin
  • 19 Avqust 2016 12:34
fikret_yusifov_080515
Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün müstəqil Turizm Nazirliyiniə ehtiyac var.
Bunu Gununsesi.info-ya açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, dünyada turizmin yaxşı inkişaf yolu keçdiyi ölkələrin bəlli təcrübələri var.
“Hesab edirəm ki, biz də bu təcrübələrdən bəhrələnərək, yerli və milli xüsusiyyətləri nəzərə alınmaqla, ölkədə turizmin inkişafının özümüzəməxsus bir modelini formalaşdırmalıyıq. Söhbət turizmin inkişafında dövlət səviyyəsində tənzimləmələrin necə aparılmasından gedir. Məsələn, əgər hansısa bir dövlət ölkədə turizmin inkişafına xüsusi önəm verib, sahənin qaldırılmasında öz sözünü daha yaxından demək istəyirsə, onda o, xüsusi olaraq turizm nazirliyi və ya bunun analoqu olan başqa müstəqil bir qurum yaradır. Bəzi ölkələrdə isə sahənin dövlət tənziminə böyük yer verilmədiyindən bu sahədəki məsələləri tənzimləyən orqan başqa qurumların tərkibində yaradılaraq fəaliyyət göstərir. Ona görə də məsələnin Azərbaycan üçün bugünkü aktuallaığını nəzərə alıb, dövlətin və ilk növbədə ölkə Prezidentinin məsələ ilə bağlı müəyyən etdiyi proqramların daha uğurla reallaşdırıla bilməsi üçün bizdə müstəqil turizm nazirliyinin yaradılmasına ehtiyac var. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Bu vacib bir məsələdir”-deyə, sabiq nazir vurğulayıb.
O, əlavə edib ki, biz Ümumi Daxili Məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə – yən 10%-ə yaxınlaşmasını hədəfləyiriksə, onda belə seçim daha düzgün olardı.
Azərbaycan dünyanın turizmin inkişafı üçün çox əlverişli təbii şəraiti olan ölkələrindən biri olduğunu qeyd edən F.Yusifov deyib ki,  bu gün dünya üzrə ÜDM strukturunda turizmin payı 10% səviyyəsindədir. “Azərbaycanda isə bu rəqəm ümumdünya göstəricisindən 5 dəfəyə qədər aşağıdır. “Gürcüstanın ÜDM-da turizmin payı cari ilin birinci rübündə 7%-ə yaxın olub və bu rəqəm artmaqda davam edir. ÜDM-da turizmin payının bu günə olan səviyyəsinin artma şansları bizdə Gürcüstandakından və turizmin yaxşı inkişaf etdiyi digər ölkələrdəkindən heç də az deyil. Prezident İlham Əliyev son tədbirlərdəki çıxışlarında ölkədə turizmin inkişafını prioritet sahələrdən biri hesab  etdiyini vəbu sahənin inkişafına böyük önəm verdiyini bir neçə dəfə xüsusi olaraq vurğulayıb. Bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır”- deyə, o, vurğulayıb.
Azərbaycana turist axının yaxşı hal olduğunu deyən sabiq nazir bildirib ki, Azərbaycana turist axınının bu şəkildə baş verməsində bir tək turizm sektorunun inkişaf baxımından cəlbediciliyi dayanmır: “Burada regionda baş verən hadisələr fonunda bir sıra əsas turizm ölkələrində yaranmış qeyri- sabit və təhlükəli vəziyyətin də rolu az deyil. İnsanlar seçim edərkən ilk növbədə təhlükəsiz şəraitdə istirahət etməyə üstünlük verirlər. Bundan sonra isə artıq digər göstəricilər göz önünə gəlir. Təhlükəsizlik məsələlərinin normal səviyyədə təmin edilə bilindiyi bir şəraitdə isə turizmlə məşğul olan ölkələrdə qazanılan uğurların kökündə düzgün qiymət siyasəti və xidmətin keyfiyyəti dayanır. Bu səbəbdən də bizim turizm sektoru indidən bu iki məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır. Qiymət siyasəti ilə bağlı iki yol var:
-yüksək qiymətlərlə az turist cəlb edib, müəyyən qazanc əldə etməklə kifayətlənmək;
– normal qiymətlər müəyyənləşdirib daha çox turist cəlb etməklə, turist dövriyyəsinin artması hesabına bundan dəfələrlə artıq qazanc əldə etmək.
Bu məsələdə ikinci yolu seçən tərəflər həmişə uğur qazana biliblər. Buna Türkiyə, Misir, Əlcəzair, Gürcüstan və başqa ölkələri misal göstərmək olar”. 
 
Sabiq nazir hesab edir ki, son bir neçə il ərzində ölkəmizə turist axınının çoxalmasında Azərbaycanda keçirilmiş və bütün dünyaya yayımlanmış beynəlxalq tədbirlərin də rolu az olmadı:  “Bu tədbirləri bütün dünyaya yayımlayarkən, biz eyni zamanda məmləkətimizin reallıqlarını hər kəsə göstərə bildik və onlarda ölkəmizə gəlmək marağı yaratdıq. O baxmdan turizm sahəsində əldə olunan bu pozitiv məqamların dayanaqlılığını və ÜDM-da bu sektorunun xüsusi çəkisini turizmin yaxşı inkişaf etdiyi ölkələrdəki səviyyəyə yaxınlaşdırmaq üçün bir sıra məsələlərə fərqli yanaşımın olması gərəkdir. Artıq bir xeyli vaxtdır ki, müxtəlif səviyyələrdə bizdə turizmin inkişafına maneə olan məqamlarla bağlı müzakirələr aparılır. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərində ölkədə ixtisaslaşmış turizmin inkişafını təmin edə biləcək tədbirlərin görülməsi nəzərdə tutulur”.
Mürtəza 
Gununsesi.info