Azərbaycanda onlayn-satışlar artıb

  • By admin
  • 13 İyun 2020 18:09

Dünyanın aparıcı elektron ticarət platformalarına daxil olanların sayı xeyli artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Trend-ə “Azexport”un meneceri Ayxan Qadaşov bildirib.

Onun sözlərinə görə, pandemiyanın yayılması dövründə dünyada tətbiq olunan karantin rejimi insanları ənənəvi alış metodlarından çəkinməyə və onlayn alış-veriş etməyə başlamağa məcbur edib. Bu fonda Azərbaycanda onlayn satışlar xeyli artıb.

“Elektron ticarətə artan marağı və karantin qaydalarının tətbiqini nəzərə alaraq İqtisadi İslahatlar və Rabitə Təhlili Mərkəzinin Azexport portalı, “Worldef Business School” və “Worldef”in Azərbaycandakı nümayəndəsi və “My Broker” gömrük nümayəndəliyi ilə birlikdə “Amazon – məsafəli təhsil və elektron ticarət” layihəsini həyata keçirib”, – menecer deyib.

A.Qadaşovun qeyd etdiyi kimi, layihə çərçivəsində iştirakçılara Amazon elektron ticarət portalında hesab açma, yüksək satış dərəcələri olan məhsulların, beynəlxalq e-ticarət platformaları vasitəsilə məhsulların etibarlı tədarükçülərinin müəyyənləşdirilməsi, məhsulların Amazon anbarlarına göndərilməsi, reklam strategiyasının, beynəlxalq logistika və daxili təchizatın müəyyənləşdirilməsi, Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq elektron ticarətdə gömrük əməliyyatları və digər müvafiq prosedurları həyata keçirmək qaydaları izah edilib.

O deyib: “Beynəlxalq təcrübədən istifadə edərək elektron ticarətdə gömrük bəyannamələrinin (ETGB), beynəlxalq ticarət hüququ və standartları, texniki tənzimləmə və digər zəruri məlumatların tətbiqi imkanları öyrənilib”.

A.Qadaşov bildirib ki, yeddi gün davam edən və Zoom tətbiqi vasitəsi ilə keçirilən onlayn təlimlərdə 168 nəfərin iştirak edib. Təlimdə 40-a yaxın iştirakçıya elektron sertifikatlar təqdim edilib.

Xatırladaq ki, “Azexport” (www.azexport.az) dövlət başçısının 21 sentyabr 2016-cı il tarixli “Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncamı ilə yaradılıb. Bu dövrdə ixrac olunan əsas məhsullar tütün, toyuq əti və yumurta, fındıq, pambıq yağı, şərab, nar, soğan, kosmetika, tibbi ceviz, mebel, boyalar, qənnadı məmulatları, meyvə əlavələri olan süd, mineral su və sarımsaqdır.

İqtisadi islahatların təhlili mərkəzi tərəfindən idarə olunan portalın məqsədi Azərbaycan istehsalı olan məhsullar haqqında məlumat verməkdir, onların xarici və daxili bazarlarda təqdimatı üçün effektiv bir platformadır.

Gununsesi.org