Azərbaycanda pensiya balansı ilə bağlı SENSASİON İDDİA – DSMF sisteminə kənar müdaxilə olubmu?

  • By admin
  • 04 Noyabr 2023 08:53

Bir neçə gündür sosial şəbəkələrdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin (ƏƏSMN) nəzarətində olan pensiya balansına müdaxilə olunması barədə məlumatlar yayılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Azər Nəsirov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu hadisə kütləvi halda baş verir. Azər Nəsirov iş yoldaşlarının pensiya balansından 50 000 manata qədər pul silindiyini qeyd edib.

Azər Nəsirov artıq ƏƏSMN qurumları ilə əlaqə saxlandığını , problemin həll olunduğunu, onların isə, baş verənlərin texniki problem olmasını bildirdiklərini açıqlayıb.

Məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qeyd edib ki, əgər hətta belədirsə bu çox ciddi, ağlasığmaz bir haldır.

Osman Gündüzün sözlərinə görə, dövlətin dataları ciddi qorunur, audit olunur, kənar müdaxilələrin izi qalır, dövlət datalarına, fərdi məlumatlara nəzarət edən dövlət qurumları var:

“Mən bildiyim qədər bu sistemlərə giriş gücləndirilmiş imzalarla baş tutur”.

O xatırladıb ki, ƏƏSMN -nin informasiya sistemləri sektorda ən öndə gedən və ciddi uğurları olan DOST İnnovasiya Mərkəzinin nəzarətindədir.

“Bütün məlumatların DSMF və DVX-yə göndərilməsi işəgötürənin gücləndirilmiş imzaları vasitəsilə mümkündür. Hesabatlar, dəqiqləşmələr hamısı bu formada reallaşdırılır. Emal prosesi isə bu qurumların informasiya sistemlərində baş verir”, – deyə o əlavə edib.

Osman Gündüz bildirib ki, vətəndaşlara məxsus vəsaitlərin dövlətə məxsus bazalardan oğurlanması haqqında məlumatların özü aydın səmada göy gurultusu olmalıdır.

“Doğurdanmı deyilənlər doğrudur, kənar müdaxilə olubmu? Burada insan amili rol oynayıbmı?

Dövlət qurumları dərhal buna reaksiya verməli, ciddi açıqlamalar, izahatlar olmalıdır.

Məsul şəxslərdən hesabat sorğulanmalı, məsuliyyət tələb olunmalıdır.

Dağ boyda DSMF-in bazasına müdaxilədən söhbət gedir, konkret adlar var, pensiya hesablarından böyük məbləğlərdə pulların silinməsi , bunun texniki problemlər olmasının müzakirəsi gedir , amma qurumdan açıqlama yoxdur.

Bu yolverilməzdir.

DSMF, ƏƏSMN, XRİTDX, RİNN, İRİA, bu qurumlar hamısı baş verənlərlə bağlı maraqlı tərəflərdi. Hər birisi öz səlahiyyətləri çərçivəsində reaksiya verməlidir.

Ortada ciddi ittihamlar var.

Əsas ittiham da DSMF-yə qarşıdır. İnanmaq istərdim ki, dövlətə məxsus datalara hansısa kənar müdaxilə olmayıb, “insan amili” rol oynamayıb”.

Gununsesi.info bildirir ki, bu məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Ümid edirik ki, DSMF və digər qurumlar baş verənlər və onun səbəbləri haqqında rəsmi açıqlamalar verəcəklər.

Gununsesi.info