
Azərbaycanda polis üçün bahalı “Jeep Wrangler Military Edition” modelli maşınlar alınıb.
Gununsesi.org–un məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
O qeyd edib ki, sərt karantin günlərində Yasamalda baş verən qarşıdurmada bu maşınlardan istifadə diqqət çəkib.
2020-ci ilin büdcəsində müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüququ mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün bütövlükdə 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
“Bu vəsaitlər bir çox hallarda polislərin maaşının artırılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına deyil, bahalı maşın və avadanlıqların alınmasına xərclənir. Ona görə də düzənlikdə yerləşən paytaxt Bakıda polislər asayişi “Military Edition Jeep Wrangler”lə qoruyurlar. Ola bilər ki, həmin maşın şəxsi mülkiyyətdə olsun, amma yenə də sahibi polis serjantı deyil, yəqin ki, rəis olacaq”.
Ekspertin sözlərinə görə, adıçəkilən maşının qiyməti 65 mindən 125 min dollaradək və ya 110 mindən 212 min manatadək dəyişir. “Hələ bu qiymətlərə gömrük ödənişləri daxil deyil, onu da nəzərə alanda maşının gömrük rəsmiləşdirilməsi ilə birlikdə dəyəri 150 mindən 300 min manatadək dəyişə bilər”.