Azərbaycanda pravoslavlar Milad bayramını qeyd edir

  • By admin
  • 07 Yanvar 2024 09:35

Yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər.

Gununsesi.info xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır.

Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın – canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qismində bal və ya şəkər siropu istifadə olunur. Milad orucu bu şam yeməyi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.

Azərbaycanın Pravoslav Xristian İcması da hər il ənənəvi olaraq Milad bayramını qeyd edir. Azərbaycanda xristianlığın çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazdakı ilk xristian məbədləri məhz burada yaranıb. Bu torpaqda dünya dinləri əsrlər boyu insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz rol oynamışdır. Azərbaycanda heç vaxt milli və dini dözümsüzlük halları baş verməyib. Digər konfessiyaların nümayəndələri kimi, Azərbaycan xristianları da cəmiyyətin tamhüquqlu üzvləridir, ölkə həyatında fəal iştirak edirlər. Azərbaycanda bir neçə pravoslav məbədi var.

Prezident İlham Əliyev hər il Azərbaycanın pravoslav xristianlarını Milad bayramı münasibətilə təbrik edir. Bu il Pravoslav xristian icmasına ünvanlanan təbrik məktubunda deyilir: “Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər”.

Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.

Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində Milad bayramı mərasimi başlamazdan əvvəl Bakı yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) jurnalistlərə müsahibəsində deyib: “Milad bayramı ölkəmiz üçün xüsusi bayramdır. Azərbaycan Prezidenti ənənəvi olaraq hər il pravoslav xristianları təbrik edir. O, təbrik məktubunda dinlərarası dialoqun yüksək səviyyəsini, həmçinin bayram ab-havasını xüsusi vurğulayır”.

“Azərbaycanın müasir tarixində əlamətdar olan 2023-cü ildə bütün torpaqlarımız işğaldan azad edilib”, – deyə arximandrit Aleksi əlavə edib.

Rus Pravoslav Kilsəsinin nümayəndəsi vurğulayıb ki, dünyada bayramlarımızı pozmağa çalışan qüvvələr var, Azərbaycanı güclü, iqtisadi və mədəni mənada inkişaf etmiş ölkə kimi görmək onlar üçün xoş deyil. Onun sözlərinə görə, Azərbaycanın güclü və nüfuzlu dövlətə çevrilməsi heç də bir çoxunun ürəyincə deyil: “Azərbaycana müxtəlif hücumlar təşkil edilir, ölkəmiz dinlərarası münasibətlərdə, dövlətlə din arasındakı münasibətlərdə problemin olmasında ittiham olunur. Lakin keçmişdə, həmçinin bir il əvvəl Azərbaycanın dini liderləri ABŞ, Avropa və digər regionların ən mötəbər beynəlxalq platformalarına dəvət olunurdu, orada ölkəmiz haqqında ən tərifli çıxışlar edilirdi, bizdən unikal təcrübəmizi bölüşmək xahiş olunurdu. Amma təəssüflər olsun ki, indi həmin adamlar xüsusi tolerantlıq, sülhsevərlik və dözümlülük ruhu ilə seçilən Azərbaycanı ləkələməyə çalışırlar”.

Arximandrit Aleksi vurğulayıb ki, bu çətinliklərə baxmayaraq, Azərbaycan yoluna inamla davam edəcək.

Gununsesi.info