Azərbaycanda Qayıdış Günü təsis edilsin - TƏKLİF/VİDEO

  • By admin
  • 09 İyun 2023 14:42

Parlamentdə Qayıdış Gününün təsis edilməsi barədə təklif səsləndirilib.

Gununsesi.info xəbər verir ki, bununla əlaqədar Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşad Mirbəşiroğlu çıxış edib. O bildirib ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərə ilk qayıdışın təmin edildiyi günü Qayıdış Günü olaraq rəsmi şəkildə qeyd etmək vacibdir:

“Bildiyimiz kimi, 2016-cı il Aprel döyüşləri nəticəsində ordumuz Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məskunlaşdırılmasına imkan yarandı. 2017-ci il iyunun 14-də ölkə prezidenti tərəfindən bərpadan sonra kəndin açılışı həyata keçirildi. Bundan sonra kənddə soydaşlarımızın ilk qrupunun məskunlaşdırılmasına başlanıldı və qayıdış qısa zamanda uğurla başa çatdırıldı. Bu, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın başlanğıcı idi. Ona görə hesab edirəm ki, 14 iyun tarixinin Azərbaycanda Qayıdış Günü kimi təsis edilməsi əhəmiyyətli olar”.

Deputatın fikrincə, bu günün əhəmiyyətini bir neçə məqam üzərindən əsaslandırmaq olar:

“Birincisi, bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olar. İkincisi, bildiyimiz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri məhz Böyük Qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir. Bu mənada, Qayıdış Gününün təsis edilməsi sözügedən istiqamətdə işlərin həyata keçirilməsinin də ümumi ruhuna müsbət təsir göstərər. Üçüncüsü isə ermənilərin işğalçılıq siyasəti haqqında da tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olarıq. Həmin gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşüblər”.

Gununsesi.info