“Azərbaycanda Rəhim Namazov adında jurnalist olmayıb” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 30 Mart 2018 16:42
Xəbər verdiyimiz kimi, bu gün Fransada Rahim Namazov adlı azərbaycanlı həyat yoldaşı ilə birlikdə güllələnib. Fransa mətbuatı Rahim Namazovu mühacir jurnalist kimi təqdim edib.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov öz “Facebook” səhifəsində bu fikirləri qeyd edib:
“Azərbaycan və Fransanın bəzi kütləvi informasiya vasitələrində Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Fransa telekanalında bu sayaq təqdimat varsa, təbii ki, çox ciddi yanlışlıqdır. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rəhim Namazov adı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, R.Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar”.
Gununsesi.info