Azərbaycanda rəngli inqilablar mümkün deyil - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 09 Yanvar 2024 13:11

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında seçkiqabağı mühit və ölkədəki digər məsələlər haqqında danışıb.

 

 

Ötən seçkilərdə də İlham Əliyevin rəqibi olan və məğlub olan  və indiki seçkiyə hansı inamla getməsi barədə sualımızı cavablandıran Qüdrət Həsənquliyev bildirib ki, seçkini uduzsa da siyasi partiya olaraq ölkənin ictimai-siyasi həyatında yerini qoruyub saxlaylb:

”Digər sağlam siyasi qüvvələrlə birlikdə şərbaz, tərbiyəsiz, qisas almaq üçün hakimiyyətə can atan mənsəbpərəst, ikiüzlü, hazırlıqsız, xarici ermənipərəst dairələrin əlində alət olan şəxslərin hakimiyyətə gəlişinin qarşısını almışıq, bu işə töhfə vermişik. Təsəllimiz budur. Bunun özü belə siyasi baxımdan çox da hazırlıqlı olmayan cəmiyyətdə böyük uğurdur. Əvvəlki seçkilərin nəticələrini təhlil etsəniz görərsiniz ki, insanlar əsasən ya iqtidarın namizədinə, ya da onu ağır ittiham edənlərə səs verir. Kim hansı platforma ilə çıxış edir, hansı müddətə nələri edəcək, vəziyyəti yaxşıya doğru necə dəyişəcək kimi məsələlərə əhəmiyyət verən çox azdır.

Hesab edirən ki, böyük qələbələr üçün maksimalist olmamalı, uduzmağı, məğlubiyyətlə, reallıqlarla barışmağı öyrənməlisən. Əsl demokrat olmağın, hədəflər uğrunda mübarizə aparmağın yolu budur. Biz, hakimiyyəti hədəflərimizə çatmağımız üçün vasitə hesab edirik. Hədəfimiz ədalətli cəmiyyətdir, hüquq dövlətidir, demokratiyadır. Bu dəyərlər cəmilkimilər üçün hakimiyyətə çatmaq vasitəsidir, hədəf isə hakimiyyətdir. Biz dəyərlərimizi təbliğ edirik, təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Fərqindəyik ki, xalqı demokratik dəyişikliklərə hazırlamadan ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna yalnız ziyan vura bilər. Misir, Əfqanıstan, İraq buna bariz nümunədir. Xalqımız hədəflərimizə çatmaq üçün böyük bir inkişaf yolu keçməlidir. Elan etdiyimiz hədəflərə doğru yürüyərkən seçki uğursuzluqları bizi ruhdan salmamalıdır və salmayıb. Elçibəy demişkən “bəzi məsələlərin həllinin zamana ehtiyacı var”. Zamanla bizim müdafiə etdiyimiz dəyərləri, “böyük dəyişikliklər” adlı seçki platformamızın prinsip və istiqamətlərini daha çox insan dəstəkləyəcək.

“Sizin “böyük dəyişikliklər” adlandırdığınız seçki platformanız cəmiyyətdən dəstək ala biləcəkmi” sualına Prezidentliyə namizəd belə cavab verir:

“Mən bunu arzulayıram və bunun üçün çalışırıq. Bir də ki, kimin seçilməsindən asılı olmayaraq, ölkəmizdə islahatlar qaçılmazdır. Əks halda ciddi problemlərlə üz-üzə qalacağıq. Devalvasiya və infilyasiyadan yayınmaq mümükün olmayacaq. Ölkəmizdə sosial və ardınca siyasi gərginlik yaşanacaq. Sanki bizim alnımıza enerji satmaqla yaşamaq yazılıb. Əvvəl neft-qaz satırdıq, indi yaşıl enerji satmağı, yollar çəkib yük daşımaqla pul qazanmağı düşünürük. Bunları təqdir edirik, amma bunlar yetərli deyil, ölkədə müasir texnologiya əsasında yüngül və ağır sənaye, maşınqayırma, kimya və emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilməli, əlverişli biznes mühiti yaradılmalı, investisiya cəlb olunmalı, iqtisadi azadlıqlar, mülkiyyət toxunulmazlığı olmalıdır. İndi əsas məsələ bu islahatları kimin, hansı uğurla və hansı müddətə həyata keçirməsidir. Biz xalqı bizim platformanı müdafiə etməyə çağıracağıq. İnanırıq və xalqı inandırmağa çalışacağıq ki, biz islahatları daha yaxşı, böyük sarsıntılarsız və qısa müddətə həyat keçirə bilərik”.

İlham Əliyevin 5-ci dəfə prezident olmaq iddiasına gəlincə, Qüdrət Həsənquliyev deyir ki, İlham Əliyev hakimiyyətdə olmasının 20-ci ilində Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, torpaqlarımızın işğalına son qoydu:

”Bu həm onun, həm xalqımızın böyük uğurudur və buna görə o alqışlanmalıdır. Müzakirə mövzusu kimin, hansı partiyanın neçə il hakimiyyətdə olması yox, ölkəsi üçün nə etməsi olmalıdır. Li Kuan Yu 31 il Sinqapura rəhbərlik etdi, Sinqapuru 3-cü dünya ölkəsindən dünyanın ən qabaqcıl ölkəsinə çevirdi.Yaxud Yaponiyada liberal- demokratlar 1955-ci ildən 1993-cü ilə qədər 38 il fasiləsiz hakimiyytədə oldular ölkələrini dünyanın ən nüfuzlu, texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi etdilər. Avropada da 16-17 il hakimiyyətdə olan liderlər olub ki, xalqları üçün misilsiz işlər görüblər. İnsanlar daha çox ona diqqət yetirməlidirlər ki, İlham Əliyevin yeni seçki platformasının hədəfləri nədir və ona necə nail olmağı təklif edir? Yığılıb qalmış, gələcəkdə dövlətimizin təhlükəsizliyi üçün təhdidə çevriləcək problemləri necə və hansı müddətə həll edəcək? Seçici üçün keçmişin uğur və uğursuzluqları seçki qutusu başında qərar qəbul edilərkən həlledici arqument olmamalıdır”.

Qərbin Azərbaycandakı demokratik proseslərə dəstək verməməsi barədə səsləndirilən ittihamları isə Həsənquliyevin belə şərh edir:

“Qərbdəki ermənipərəst dairələr istisna olmaqla digərləri görür və başa düşür ki, biz müsəlman ölkəsiyik, demokratik vərdişlər çox inkişaf etməyib. Eyni xalqın nümayəndələrinin bir-birinə aqressiv münasibətini, qeyri-səmimi davranışını, bir-birinin hüquqlarını müdafiə etməməsini, digərinin hüquqlarını pozmasını, mənəvi terrora məruz qoymasını görürlər, bunların nədən qaynaqlandığını da anlayırlar. Başa düşürlər ki, inkişaf etmiş Qərbin ali siyasi, hüquqi dəyərlərini tam mənimsəmək üçün bizə sabitlik və zaman lazımdır. Onu da anlayırlar ki, Azərbaycanda rəngli inqilablar mümkün deyil.

Xalqlardan biri digərindən inkişaf səviyyəsinə görə əsrlərlə geri qalır. Bu gün Braziliya cəngəlliklərində çılpaq gəzən, amma bizə bənzəyən, ov etməklə yaşayan daş dövrünün insanları yaşayır. Biz cəmi 100 il bundan öncə Avropa siyasi dəyərlərinin nə olduğunu öyrənməyə başladıq, Rusiyada baş vermiş inqilabdan istifadə edib müstəqil, demokratik dövlət qurduğumuzu elan etdik və bu proses vur-tut 2 il davam etdi. Tarixi şəraiti düzgün qiymətləndirməyən, xalqımızın inkişaf səviyyəsini nəzərə ala bilməyən, demokratiya oyunlarına aludə olan vətənpərvər və xəyalpərəst gənclər ciddi müqavimətsiz hakimiyyəti bolşeviklərə təhvil verdi, müstəqilliyimizi itirdik, sovet hökuməti rus imperiyasını bərpa etdi, demokratiya adına nə varsa hamısının üstündən qara bir xətt çəkdi. 33 il öncə, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bu proses yenidən başlayıb. Bugünkü inkişaf etmiş Qərb demokratiyasının belə 50-60 illik bir tarixi var. Ona görə Qərblinin tikdiyi paltarı geyinib, onların istehsal etdiyi avtomobilə minib, “Avropalıyıq” deyib, özümüzü aldatmamalıyıq. Nə olsun ki,eyni coğrafiyada yaşayır, xarici görkəmimizə görə onlara oxşayırıq. Biz fərqli, şərq mentalitetinə sahibik. Bunu dəyişmək üçün isə bir daha söyləyirəm,uzun zaman lazımdır”.

 

Elmar Elnuroğlu

Gununsesi.info