
MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə Putin bildirib ki, bizim ölkələrimizdən hər biri, praktiki olaraq hər biri, terror hücumları üçün potensial məkandır. Ölkələrimiz üçün bir çox təhlükə var.
Gununsesi.info xəbər verir ki, MDB-də və Azərbaycanda terror təhlükəsi barədə politoloq İlqar Vəlizdə fikirlərini Ölkə.Az-la bölüşüb:
“Azərbaycanda terror aktlarının törədilməsi ehtimalları var. Bu barədə KİV-lərə informasiya sızır. Hətta informasiyalar yayılır ki, xüsusi xidmət orqanları tərəfindən terrorçular zərərsizləşdirilib. Aydındır ki, Azərbaycan çox həssas regionda yerləşir və Azərbaycanda həmişə terror təhlükəsi var.
Terrorçular Azərbaycanı tranzit ölkə kimi istifadə etmək istəyirlər. Çalışırlar ki, Azərbaycandan Rusiyanın Şimali Qafqaz bölgəsinə keçsinlər, eyni zamanda Rusiyadan Azərbaycana keçsinlər. Terrorçuların planlarında Azərbaycan bir dəhliz rolunu oynayır. Belə bir vəziyyətdə Azərbaycan terrorçularla tək mübarizə apara bilməz. Bu mübarizə kifayət qədər effektli olmayacaq. Terrorçuluğun əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onlar transmilli qruplardır, şəbəkə şəklində fəaliyyət göstərirlər. Ona görə də, bu şəbəkəni ifşa etmək, mübarizə aparmaq üçün şəbəkənin digər qanadları ilə də mübarizə aparmaq lazımdır. Ona görə də, Azərbaycan digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Azərbaycan Rusiya ilə ənənəvi olaraq sərhəddə əməliyyatlar keçirir. Eyni zamanda bu əməkdaşlıq Xəzəryani ölkələrlə də var.
Sankt Peterburqdakı terror aktı onu göstərir ki, Rusiya və MDB terrorçuların əsas hədəflərindən biridir. Rusiya Suriyada terrorçu qruplara qarşı fəal mübarizə aparır. Əlbəttə ki, onlar bunu cavabsız qoya bilməzlər. Təkcə Rusiya yox, rəsmi Moskva ilə əməkdaşlıq edən ölkələr də hədəfə alınıb. Azərbaycan Rusiya ilə kifayət qədər birgə layihələr həyata keçirmək istəyir. Bu layihələrin təhlükəsiz həyata keçirilməsi üçün onların mühafizəsi, ölkədə ictimai-siyasi vəziyyətin sabit olması lazımdır”.
Gununsesi.info