Azərbaycanda Türkiyənin Maarif Məktəbləri açılacaq

Yeni tədris ilindən etibarən Beynəlxalq Maarif Məktəbləri ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

HTML tutorial

Səfir xatırladıb ki, Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi fəaliyyətə başlayıb, bu məktəblərdə 50 000-ə yaxın şagird təhsil alır:

“Türkiyə dövlətinin təhsillə bağlı təcrübəsini daim başqa ölkələrlə paylaşmaq niyyətindəyik. İnanırıq ki, bu məktəb də digər təhsil müəssisələrimiz kimi öz sözünü deyə biləcək. Yaxın gələcək də bu təhsil ocağı ən yaxşı məktəblərdən olacaq. Artıq məktəbə şagird qəbulu üçün qeydiyyat da başlayıb”.

Məlumatda bildirilib ki, yaxın günlərdə rəsmi açılışı olacaq 9000 kvadratmetrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək.

Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir.

“Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”ndə (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Təhsil müəssisəsində Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunacaq. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunacaq. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur”, – səfirlikdən bildirilib.

Gununsesi.info