Azərbaycanda universitet rəhbərinin səs yazısı yayıldı: “Hamınızı pis günə qoyacağam” - YENİLƏNİB + SƏS YAZISI

“Universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb”.

Bu barədə Azərbaycan Texnologiya Universitetinin Mətbuat Xidmətinin Oxu.Az-ın sorğusuna verdiyi cavabda qeyd edilib.

Bildirilib ki, universitetdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub:

“Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui-istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.

13:48

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı ortaya çıxıb.

Bununla bağlı Yenisabah.az saytı məlumat yayıb.

İddia edilib ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb.

O, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib. Yaşar Ömərov əməkdaşlardan öz ərizələri ilə işdən getmələrini tələb edir:

“Hələ iki həftə buradayam. Gedib bu şad xəbəri Akif müəllimə çatdıra bilərsiniz. Yaxşısı budur ki, ərizənizi yazıb öz xoşunuzla işdən gedin, yoxsa sonra hamınızı pis günə qoyacağam”.

Həmin səs yazısını təqdim edirik:

Gununsesi.info