Azərbaycanda Vahid İstintaq Orqanı yaradıla bilərmi?

  • By admin
  • 13 Oktyabr 2025 10:48

Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra qanunvericilik bazasında bir sıra islahatlar apardı, yeni qanunlar yaradıldı, beynəlxalq konvensiyalara qoşuldu.

Amma bunlara baxmayaraq, reallıqda insan hüquq və əsas azadlıqlarının pozulması halları çoxalıb.

Bu, xüsusilə özünü həbslər və həbsdən sonrakı istintaq və məhkəmə prosesində göstərdi.

 

Peşəkar hüquqşünaslar hesab edir ki, həbs edən qurumun özünün istintaq aparması bir sıra hallarda bu prosesin ədalətliliyinə şübhə yaradır.

Xatırladaq ki, hələ bir neçə il əvvəl Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də ölkədə Vahid İstintaq Orqanının yaradılması təşəbbüsü ilə çıxış edib. 

 

Uzun illər Baş Prokurorluqda mühüm vəzifələr tutan Nazir Bayramov da hesab edir ki, Vahid ibtidai istintaq təcrübəsi  presedenti  yaratmaq mümkündür.

Keçmiş prokurorun sözlərinə görə, qanunvericilikdə belə bir anlayışa rast gəlinmir: ” Çünki, yoxdur. “Vahid məhkəmə təcrübəsi” var, lakin “vahid istintaq təcrübəsi” yoxdur.

Cinayət prosesi iki mərhələyə bölünüb: məhkəməyədək mərhələ və məhkəmə mərhələsi. Mərhələnin birində vahid təcrübə var, o birində yoxdur. Ədalətsizlik deyilmi? Qanunvericiliyə və təcrübəyə “vahid ibtidai istintaq təcrübəsi” anlayışının daxil edilməsi bu ədalətsizliyi aradan qaldırmazdımı?
Sual: bu, hansı zərurətlə bağlıdır? Cavab: (uzağa getməyək) “vahid məhkəmə təcrübəsi”ni zəruri edən amillər.
Hər kəs bilir ki, “vahid məhkəmə təcrübəsi” qeyri-müəyyən məzmuna malik anlayışdır. “Vahid istintaq təcrübəsi”nin məzmununu da əvvəlcədən dəqiqləşdirməyə, konkretləşdirməyə ehtiyac yoxdur. Onun məzmununu, məsələn, fərdi tərkibi (9-15 nəfər) ölkə başçısı tərəfindən müəyyən edilən, səlahiyyət dairəsinə “prokurorluq orqanlarında idarəetmə və təşkilati məsələlərin müzakirəsi, normativ sənədlərin layihələrinin hazırlanması və təsdiqi” kimi məsələlər daxil olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyası hər bir hüquq münasibəti növü üçün öz qərarları ilə müəyyən edə bilər. Necə ki, “vahid məhkəmə təcrübəsi”nin hər bir məsələ üzrə məzmunu “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları” (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 416.2-ci maddəsi) ilə müəyyən edilir.
“Vahid ibtidai istintaq təcrübəsi” hansı məsələləri əhatə edə bilər? Prosessual fəaliyyətin və insan hüquq və azadlıqların müdafiəsinin səmərəsini azaldan hər bir məsələ “vahid ibtidai istintaq təcrübəsi” qaydasında çox çevikliklə həll edilə bilər.
Məsələn, götürək CPM-nin 84.5.7 və 84.5.8-ci maddələrində maddəsində (Maddə 84. Prokuror) göstərilir ki, prokuror “cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən (…) hadisənin araşdırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi, cinayət törətmiş şəxsin axtarışı, ittiham aktının məzmunu, qərarların qəbul edilməsi, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılması barədə təhqiqatçıya və ya müstəntiqə yazılı göstərişlər vermək; (…) təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək” hüquqlarını həyata keçirir.
Və ya CPM-nin 85.4.12-ci maddəsində (Maddə 85. Müstəntiq) bildirilir ki, “müstəntiq (…) məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək” hüquqlarını həyata keçirir.
Və ya CPM-nin 86.4.10-cu maddəsində (Maddə 86. Təhqiqatçı) qeyd edilir ki, “təhqiqatçı (…) məhkəmənin müstəsna səlahiyyətlərinə aid olanlar istisna edilməklə, qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğv edilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması barədə qərarlar qəbul etmək” hüquqlarını həyata keçirir.
Diqqət etsəniz, görərsiniz ki, bu prosessual normalar maddi hüquqi əsasdan məhrumdurlar. Yəni, müəyyən edilməyib ki, hansı hallarda prokuror, müstəntiq və ya təhqiqatçı qeyd edilən hüquqlarını həyata keçirir. Bu hüquqların “şəxsi mülahizə” əsasında həyata keçirilməsi hüququn aliliyi, müəyyənliyi prinsipi ilə uzlaşması barədə fikir yürütmək çətindir. Çünki, “müəyyənlik” tam deyil, “natamam”dır, substansiyasızdır.
Sual yarana bilər: bəs bu natamamlığı, qeyri-müəyyənliyi aradan hansı üsulla qaldırmaq olar. Müxtəlif üsullar təklif edilə bilər. Məsələn, onlardan biri CPM-nin 84-cü maddəsinə aşağıdakı məzmunda 84.9-cu maddə əlavə edilə bilər: “84.9. Hüququn tətbiqi üzrə ibtidai istintaq təcrübəsinin vahidliyinin pozulması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən qəbul edilmiş prosessual qərarların ləğv edilməsinə, dəyişdirilməsinə və ya yazılı göstərişlərin geri götürülməsinə yalnız o halda əsas olur ki, həmin qərar və göstərişlər Azərbaycan Respublikası Baş Prokurorluğu Kollegiyasının maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı ibtidai istintaq təcrübəsinə dair məsələlər üzrə göstərişlərinə zidd olsun və həmin göstərişlərdə təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın”.
Nəzərə almaq lazımdır ki, ibtidai istintaq aparmaq səlahiyyəti prokurorluqdan başqa daha 6 dövlət orqanına (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Vergilər Xidməti (İqtisadiyyat Nazirliyi), Ədliyyə Nazirliyi) verilmişdir.
Fikrimizcə, bu istiqamətdə düşünməyə dəyər. Nəticədə ibtidai istintaq və ona prosessual rəhbərlik fəaliyyətinin, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəsi müəyyənlik elementləri hesabına artar. Problemlərin çoxluğu da bir həqiqətdir.
Bir də: prokuror, müstəntiq və təhqiqatçı kimdən əskikdir ki? Məhkəmələr tətbiq edirsə, onlar niyə tətbiq etməsin?
O fikirlə razıyıq ki, prosessual qanunvericilikdə blanket normalar yolverilməzdir. Bunu hələ hüquq təhsili müəssisələrində professorlar izah edirdilər. Lakin bu günün reallığı başqadır. Hələ CPM-nin 416.2-ci maddəsi “toya gediləsi”dir. Təcrübəni Ali Məhkəmənin Plenumu formalaşdırır. Mülki Prosesusal Məcəllənin (MPM) 418-ci maddəsinə (Maddə 418-1. Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi) əsasən, belə təcrübəni Plenum deyil, statusuna görə ondan aşağıda duran “Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimləridən ibarət tərkib” müəyyən edir. Plenuma Ali Məhkəmənin bütün hakimləri daxildirlərsə, bu Məhkəmənin 2 kollegiyasına daxil olan hakimlərin sayı (yanılmırıqsa) 17 nəfərdir.
Diqqətinizə çatdırmaq istəyirik ki, Konstitusiyanın 96-cı maddəsinə (Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ) əsasən, qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına”. Fərqi (17 nəfər və 40 000 nəfər) görürsünüzmü? Özü də 40 min nəfər qanun norması qəbul etmir, yalnız təşəbbüs göstərir. Kollegiyalar isə – edir.
Demək istəyirik ki, tendensiya belədir: normanı onu tətbiq edəcək subyektlər müəyyən edir. Qanunvericilik təşəbbüsü hüququnun subyektləri olan dövlət orqanları indiyə kimi yüzlərlə qanun layihələri təqdim ediblər. Onların əsaslılığı, zəruriliyi şübhəsizdir. Bununla belə, 40 min nəfər seçki hüququ olan vətəndaşın təşəbbüsü ilə qəbul edilən qanun yadımıza gəlmir. Bu baxımdan prokurorluğun norma yaratma fəaliyyətinin canlandırılması günün tələbinə bənzəyir”.
Elmar Elnuroğlu
Gununsesi.info