Azərbaycandakı həbsxanalar məhkumları islah edə bilir?

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycanda istintaqı tamamlanmış və ya yekun protokolu təsdiqlənmiş cinayətləri törədən şəxslərlə bağlı bilgiləri açıqlayıb.

Bəlli olur ki, ən çox cinayət törədənlər əvvəllər də məhkum olunmuş şəxslərdir. Ötən il belələrinin sayı 6 min 811 nəfər olub. 2015-2019-cu illərdə bu say təxminən 3 min nəfərə yaxın idi. 2020-ci ildən bəri təkrar cinayət törətmək halları çoxalıb.

Rəsmi rəqəmlərdən aydın olur ki, bu artım, əsasən, narkotik maddələrin dövriyyə və istifadəsindən qaynaqlanır. Axı 2022-ci ildə cinayət törətmiş şəxslərin 3 min 893 nəfəri narkotik istifadəçisi olub. 2021-ci ilədək bu rəqəm mindən az idi.

Bu baxımdan, rəsmi rəqəmlər göstərir ki, narkotik cinayətlərinə görə həbs edilən şəxslərin çoxu həbsxanada olduğu müddətdə həmin zərərli vərdişdən əl çəkə bilmir.

Halbuki həmin müddət ərzində dövlətin narkotik istifadəçilərini reabilitasiya etməklə bağlı şansı var. Di gəl, görünür, gerçəkləşdirilən tədbirlər effektiv olmadığından bu fəaliyyət nəticə vermir.

Təsadüfi deyil ki, son illər ölkədə residiv, yəni təkrarlanan cinayət sayında artım gözə çarpır. Ötən il Azərbaycanda 532 təkrarlanan cinayət qeydə alınıb. Əvvəlki 10 ildə – 2011-2021-ci illərdə ölkədə hər il ortalama 335 belə cinayət qeydə alınmışdı.

Gununsesi.info