Azərbaycandan Dağıstana soğanın keçirilməsinə qadağa qoyulub

  • By admin
  • 04 May 2017 18:00

az dagistan serhed

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycandan Dağıstana 20 min 320 kq soğanın keçirilməsinə qadağa qoyub.

Gununsesi.info-nun xəbərinə görə,  yük “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində saxlanılıb.

Məlumata görə, yük karantin yoxlamasından keçə bilməyib. Belə ki, soğanın tərkibində “Ambrosia artemisiifolia” adlanan təhlükəli bitki (alaq) aşkarlanıb.

Alağın mövcudluğunu Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Dağıstan filialı da təsdiqləyib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki,  bu, birinci hal deyil və yerli mətbuat, parlamentarilər, sahibkarlar  baş verənlərlə bağlı dəfələrlə narazılıqlarını dilə gətiriblər.

V.Əhmədov qeyd edib ki, Azərbaycan-Rusiya strateji əməkdaşlığı yüksək səviyyədə olsa da, şimal ölkənin bəzi məmurları arada belə maneələr yaradırlar: “Bir müddət əvvəl pomidor və meyvəylə bağlı oxşar maneə yaranmışdı. Bütün bunlara baxmayaraq Azərbaycan Rusiya bazarlarına mal çıxarda bilir”.

Millət vəkili qeyd edib ki,  bu maneçilik davamlı olacaq, çünki Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi problem yarananda müdaxilə imkanlarından istifadə edirlər: “Sadəcə, Azərbaycan-Rusiya münasibətlərinin normal olmasını istəməyən müəyyən qüvvələr təsir edə bilirlər”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info