ABŞ çərşənbə axşamı Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə sanksiyaları genişləndirəcəyini, Moskvanın imkanlarına təsir etmək məqsədilə daha 250-dən çox şəxsi və şirkətləri qara siyahıya salacağını açıqladı.
ABŞ Xəzinədarlığı və Dövlət Departamentinin məhdudiyyətlərinə “Megafo”un keçmiş rəhbəri, investor İvan Tavrin və onun şirkəti olan “Kismet”, habelə sahibkar İvan Sviblov və onunla əlaqəli “Fortiana Holdings Limited” daxildir.
Sanksiya siyahısına əlavə edilən digərləri arasında iş adamı İqor Kimə məxsus “Expobank” da var. “Kommersant” xəbər verir ki, “Expobank” kredit təşkilatının bu qərara hazır olduğunu, ona görə də sanksiyaların bankın işinə təsir etməyəcəyini bildirib.
Nəşr qeyd edib ki, pərakəndə satış yerlərinin və mehmanxana biznesinin icarəsi üzrə ixtisaslaşan “Kiyev Ploshchad” şirkəti də sanksiyaya məruz qalıb. Şirkətin portfelinə Moskvadakı “Evropeisky” ticarət mərkəzi, “Radisson Collection Moscow” mehmanxanası, “Food City” ticarət kompleksi, “Depot Lesnaya” qastronomik məhəlləsi və Tsvetnoy bulvarındakı Mərkəzi bazar daxildir.
Qeyd edək ki, “Kiyev Ploshchad” şirkəti, o cümlədən onun tərkibindəki “Food City” topdan və pərakəndə qida mərkəzi və “Evropeiskiy” ticarət-əyləncə kompleksi əslən Azərbaycandan olan yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsusdur.
Yalnız Rusiya fiziki şəxsləri və şirkətləri deyil, Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki strukturlar da məhdudiyyətlərə məruz qalıb. Atılan addımların məqsədi Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısını almaq və onun enerji potensialına, banklarına, metallurgiya və mədənçıxarma sektorlarına təsir etməkdir.
“Kreml bilərəkdən Rusiya iqtisadiyyatını müharibə vəziyyətinə gətirir, lakin Putinin hərbi maşını yalnız yerli istehsal hesabına yaşaya bilməz”, – ABŞ Maliyyə naziri Janet Yellen vurğulayıb.
Onun sözlərinə görə, bugünkü sanksiyalar Rusiyaya ehtiyacı olan resursları təmin edən üçüncü ölkələrin tədarükçüləri və şəbəkələrinə nəzarəti gücləndirməkdə davam edir.
Məhdudiyyətlərin yeni sərtləşdirilməsi Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrın 11-12-də ABŞ-a səfəri fonunda elan edilib.
Gununsesi.info