
Rusiyanın Azərbaycana “Xrizantema-C” tank əleyhinə raket qurğusunu satması Ermənistanı özündən uzaqlaşdırmasına səbəb olub. Belə ki, Rusiyanın Azərbaycana sonuncu silah partiyası göndərməsi İrəvanı ciddi əndişələndirib və Ermənistanın indiyədək olmadığı kimi Moskvadan inciməsinə yol açıb.
Gununsesi.info xəbər verir ki, “Rosbalt” informasiya portalı Rusiyanın Azərbaycana silah satışı və bunun Ermənistan tərəfindən necə qarşılanması ilə bağlı geniş analitik məqalə yazıb. Həmin yazını qısaldılmış formada oxucularımıza təqdim edirik.
Məqalədə qeyd olunur ki, Rusiya-Azərbaycan arasında yaranmış durum və əməkdaşlıq səviyyəsi Ermənistanı məğlub vəziyyətə salır.
Moskvanın Bakıya silah satmasından ciddi əndişə keçirən İrəvan yeni silah partiyasının Azərbaycana verilməsindən sonra Kremlə kəskin etiraz etməklə yanaşı, incik və pat vəziyyətinə düşüb.
Rəsmi Bakının Rusiyadan alınan silahların cəbhə xəttinə və Dağlıq Qarabağdakı qoşuların təmas xəttinə göndərməsi ilə bağlı verdiyi açıqlama İrəvanı ikiqat çətin duruma salıb. Çünki yeni silahlar Azərbaycan ordusuna cəbhə xəttində yeni manevr imkanları qazandırmaqla yanaşı, düşmənin zirehli texnikasını, digər hərbi obyektini və canlı qüvvəsini sıradan çıxarıb məhv etməsinə imkan yaradacaq. Bundan əlavə, Rusiyanın Azərbaycana silah verməsi bununla bitmir və bu proses davamlı olacaq. Yaranmış durum İrəvanı seçim dilemması qarşısında qoyub.
Belə ki, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan da Azərbaycanın bu qədər silah almasını və hansı qərar verəcəyindən ciddi əndişləndiyini açıqca dilə gətirirək deyib ki, Bakının hansı qərar qəbul edəcəyi barədə söz demək çətindir. Erməni müdafiə naziri Azərbaycanın Qarabağ problemini güc yolu ilə həll etməsini də dilə gətirib və yaranmış duruma görə Rusiyanı ittiham edib.
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə Rusiyanın Azərbaycana böyük miqdarda silah göndərməsini Ermənistanın təhlükəsizliyinə ciddi təhdid kimi dəyərləndirib. Ş.Köçəryan da Azərbaycanın Qarabağ probleminin siyasi yolla həllini tapmayacağı təqdirdə güc yolu ilə həllinə üstünlük verəcəyini istisna etməyib: “Məsələnin güc yolu ilə həlli baş verərsə, o zaman İrəvanın Moskvaya etibarından danışmağa dəyməz. Ona görə də biz reallıqdan çıxış edərək xarici siyasətimizi Rusyadan başqa ölkələrlə qurmalıyıq”.
Ş.Köçəryan jurnalistlərin Qarabağda genişmiqyaslı hərbi əməliyyatların baş vermə ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib ki, biz hər zaman müharibəyə hazır olmalıyıq: “Ona görə ki, Azərbaycan istənilən qərarı verib addım ata bilər”.
“Rosbalt” onu da yazır ki, erməni ekspertlər Azərbaycanın bundan sonra Rusiyadan 100 ədəd T-90 müasir tankı və bununla yanaşı, İsrailin “Spayk” çoxfunksiyalı tank əleyhinə raket kompleksini əldə edəcək.
Yaranmış durumda bir sıra erməni siyasi dairələri Qərblə əməkdaşlığa üstünlük verməsini dilə gətirirlər. Bunun üçün də Avropa İttifaqı ilə Assosiativ Sazişin imzlanması prosesinin sürətləndirilməsini təklif edirlər. Ancaq bunun da Ermənistan üçün elə də uğurlu variant olmadığı qənaətində olan ekspertlər var. Əgər belədirsə, o zaman niyə ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində ciddi addımlar atmır.
Odur ki, yaranmış durum ermənilərin Rusiyadan uzaqlaşmasına səbəb olub. Bununla belə dilemma qarşısında qalan ermənilər hansı addımı atacaqlarını bilmirlər. Rusiyadan uzaqlaşmaq, yoxsa əməkdalığa davam?.. Ortada ciddi suallar yaranıb. Rusiyalı ekspertlər isə hesab edir ki, ermənilərin Rusiyadan başqa gedəcəkləri və istinad edəcəyi ölkə yoxdur. Əgər İrəvan xarici siyasətində hər hansı dəyişiklik edərsə, bunun onlara necə baha başa gələcəyini yaxşı anlayırlar.
Azərbaycana gəldikdə isə vəziyyət tamamilə fərqlidir. Çünki Azərbaycanın Rusiyadan başqa ölkədən silah almaq üçün manevr imkanları böyükdür və istənilən vaxt Rusiyadan silah almaqdan imtina edə bilər. Ona görə ki, İrəvandan fərqli olaraq Azərbaycan çoxvektorlu siyasət yürüdür və Azərbaycan dövlət başçısı İlham Əliyev genetik cəhətdən müdrik, bacarıqlı və ağıllı siyasətçidir. Hətta perspektivdə proseslər hər hansı “rəngli” inqilablar həddinə çatsa belə, o, öz ölkəsini Rusiyanın təsir dairəsindən çıxarmağa qadir siyasətçidir.
“Rosbalt” gələcəkdə Qafqaz bölgəsində, xüsusilə də Şimali Qafqazda kataklizmlərin olmasını istisna etməyib. “Çünki bu bölgə Rusiya üçün bir qiyamçı bölgə olaraq qalmaqdadır. Bölgədə gələcəkdə yaranacaq bütün hallar Ermənistanı uduzulmuş vəziyyətə salır”, deqə “Rosbalt” qeyd edir.
Hazırladı Mürtəza
Gununsesi.info