Azərbaycanın 20 milyard kreditə ehtiyacı var

Azərbaycanın 20 milyard kreditə ehtiyacı var

samir

“Azərbaycan iqtisadiyyatının normal inkişaf üçün kredit resurslarına tələbatı 15-20 mlrd. manat təşkil edir”. Gununsesi.info-nun xəbərinə görə, bunu ARPA-nın Risk Ekspertlər Qrupunun sədri Elman Sadıqov deyib: “Azərbaycanda real sektorun krediləşməyə ehtiyacı var. Vəsaitin əldə olunması asandır. Həm Azərbayandakı ehtiyatları, həm də banklardan kənardakı pulları nəzərə alsaq, 15-20 mlrd. manat böyük məbləğ deyil. Həmçinin, ölkənin borclanma imkanları çox olduğu üçün 15-20 mlrd. manatı tapmaq çətin deyil. Əsas məsələ onun real sektorda düzgün yerləşdirilməsidir. Bunun 80-90%-i real sektora effektiv yönləndirilməlidir. Xüsusən də Azərbaycanda turizm, kənd təsərrüfatı, ticarət və xidmət sektorunda kreditləşməyə ehtiyac var”, – deyə ekspert qeyd edib.

E.Sadıqov əlavə edib ki, hazırda Azərbaycanda işlək kreditlərin həcmi 9-10 mlrd. manat həcmindədir: “Çünki avtokreditlər, istehlak kreditləri iqtisadiyyata dəyər qazandırmayan resurslardır”.

Qeyd olunub ki, 2014-cü ilin dekabr məlumatlarına əsasən, verilmiş kreditlərin ÜDM-ə nistəti üzrə ölkələr arasında birinci yerdə 373,8%-lə Yaponiya olub: “Azərbaycanda isə bu göstərici 33,8% təşkil edib. Real sektora kreditləşmənin həcmi nə qədər yüksək olarsa, ölkənin iqtisadiyyatı da o qədər inkişaf etmiş olar”.

Burada bir sıra sual yaranır. Azərbaycan iqtisadiyyatının kreditə olan ehtiyacı bu həcmdədirmi? Yoxsa bu məbləğ daha artıqdır.

Iqtisadçı Samir Əliyev isə  hesab edir ki, kreditləşmənin ölkə iqtisadiyyatındakı rolu arzuolunan səviyyədə deyil. Ölkədə kreditləşmənin daha çox istehlak kreditləri üzrə yönəldiyini deyən S.Əliyev vurğuladı ki, istehlak kreditlərinin payı 35-40 faizdir: “Real sektor üzrə kredit ayırmaları çox az olur. Halbuki bu sahə çox vacibdir. Məsələn, kənd təsərrüfatı üzrə kreditləşmə 5 faizdən çox olmayıb. Ölkə iqtisadiyyatı üzrə kreditləşməni müəyyən etmək üçün bir sıra göstəricilərə diqqət yetirmək olar. Bu gün Azərbaycanda kreditləşmənin ÜDM-də payı 20-25 faizdir. Amma halbuki bu göstərici 50-60 faizdən çox olmalıdır. Bu gün kreditləşmənin payının iki dəfəyə qədər artırılmasına ehtiyac var. Normal iqtisadiyyat olsaydı, büdcənin 18 milyard olduğu halda, kreditləşmə 35-40 milyard arasında olmalıydı. Amma Azərbaycanda bir qədər fərqli situasiya var. Əvvəlla, bizim iqtisadiyyatın strukturu böyük həcmdə kreditləşməni həzm etməyə qadir deyil. Yəni kreditləşmə həddindən artıq artarsa, bu, iqtisadiyyatda böyük problemlər yarada bilər. Necə ki, 2011-ci ildən neft düşənə qədər problemlər yaşandı”.

S.Əliyev vurğuladı ki, kreditləşmə özü ilə yüksək inflyasiya gətirir. Ona görə iqtisadiyyat üçün mənfi fəsadlar da ola bilər. “Razıyam ki, Azərbaycan iqtisadiyyatı üçün kreditlərin həcmi daha böyük olmalıydı. Amma bizdə kredit faizləri çox yüksəkdir. Ikincisi, Azərbaycanda kiçik və orta sahibkarlıq pul qıtlığı ilə üzləşib. Sahibkarların, demək olar, yarısı kreditlərdən istifadə etmir. Sahibkarlar ya öz pulundan istifadə edir, ya da dost-tanışdan borc alır. Əgər faiz aşağı olarsa və kreditlər artarsa, bu, real sektorun inkişafına təkən verə bilər”.

COMMENTS