“Azərbaycanın adını heç olmasa, “Alo Suriya” paketinə daxil edəcəklərmi?..” - QORXMAZ İBRAHİMLİ

  • By admin
  • 25 May 2017 14:12

qorxmaz ibrahimli

Qardaş Türkiyədə  on minlərlə Azərbaycan vətəndaşının işləməsinə və il ərzində 500 min civarında insanın isə bu ölkəni ziyarət emtəsinə baxmayaraq, hələ də müəyyən problemlər mövcuddur. “Bir millət, iki dövlət” prinsipi əsasında əlaqələrin qurulmasına baxmayaraq,  münasibətlərin lazımı səviyyədə olmaması, insanlarımızda müəyyən məyusluq yaradır. Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən viza problemi hələ də öz müsbət həllini tapmır. Digər tərəfdən, qardaş Türkiyədə on minlərlə Azərbaycan vətəndaşı yaşayıb işləsə də, onların  hüquqlarının təmin olunmasında xeyli problemlər mövcuddur.

Məsələn, Türkiyədə yaşayan xarici ölkə vətəndaşları üçün müəyyən güzəştlər nəzərdə tutulan rabitə xidmətləri var. Buna “Alo paket” deyilir.  Yəni xarici ölkə vətəndaşı bu cür xidmət növündən istifadə edərək, ailəsi, yaxınları ilə daha ucuz danışmaq imkanı əldə edir. Türkiyədə digər ölkə vətəndaşlarına xidmət edən “alo paket”lər olsa da, bu paketlərdə Azərbaycanın adının olmaması adamda təəccüb doğurur.

Belə bir problemlə üzləşən Azərbaycanın ictimai-siyasi səhnəsinin aktivlərindən olan Qorxmaz İbrahimli düşüncəsini öz Facebook səhifəsində bölüşüb.

Gununsesi.info xəbər verir ki,  Türkiyədə xarici ölkə vətəndaşlarına xidmət edən bu paketdə Azərbaycanın adının olmaması Qorxmaz İbrahimlidə acı təəssürat yaradıb: “Bu məqsədlə kontur yüklədərkən, xarici danışıqlarıma faydalı olacaq bir paketdən yararlanmaq istədiyimi söylədim. Olur, dedilər. Və daha çox hansı ölkəyə aramam olduğunu soruşarkən, sevinərək və fəxrlə Azərbaycan dedim.
“Alo dünya” paketinin içərisinə baxdılar, Azərbaycan olmadı…
“Alo Avropa” paketini yoxlamağa başladılar, bir az daha sevinərək, yəqin bizi Avropalı listəsinə daxil ediblər deyə, gözləməyə başladım, olmadı…
Birdən qulağım “Alo Suriya ” paketini duyunca, əsəblərim pozuldu… Və qardaş ölkə Azərbaycan vətəndaşları haqda qısaca zavallı çalışanlara bilgi verdim. Demək, “Alo Suriya” paketi belə olduğu halda, Azərbaycanın adına heç bir paketdə rast gəlmədim… Suriyadan gələrək türk vətəndaşları üçün yetərincə problemlər yaradan o, qaçqın adlandırdıqları suriyalılara xəstəxanalarda, istərsə digər yerlərdə yetəri qədər güzəşt tanınır… Qardaş Azərbaycanla bağlı isə belə güzəştlərin olmaması adamda təəssüf hissi doğurur…
Ancaq yetmiş il sovet basqısı altında olan gözəlim Azərbaycanın buraxın aydınlarını, sadə vətəndaşlarının Türkiyə üçün ürəyinin necə atdığını bilmək lazımdır…
Mən yetmişinci illərin məktəblisi olaraq, Türkiyə, İstanbul haqda olan roman və şeirləri necə həvəslə oxuduğumu yaxşı xatırlayıram… Doxsanıncı illərdə ilk dəfə gələrkən, fosforlu Cevriyyənin gəzib, dolaşdığı İstanbul gecələrini qarşımdakı türk qardaşlarıma danışarkən, şaşırıb qalırdılar. Və ya Südabə Şəfanın türkiyəli bir nəfərlə xaricdə görüşünü nəzmə çəkərək Bakı ilə İstanbulu necə təsvir elədiyini danışdığım halda təəccüblənirdilər…
Deyirdim ki, bizdə balaca uşağa belə dünyanın paytaxtı haradır, deyə soranda həmən, İstanbul, söylərdilər…”.

Q.İbrahimli onu da əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra hər şeyin ən yaxşısını qardaşımızla bölüşməyə çalışıb:
“Neft kontraktında qardaşımızın iştirakı, əsrin boru xəttinin Ceyhana uzanması, qardaş ölkəyə satılan neft – qaz və neft məhsullarının daha ucuza verilməsi və s. kimi onlarla örnək verə bilərəm.
Amma qardaşımızın öz pulumuzla Ana Vətənimizə zəng etməmiz üçün heç bir ” alo … ” paketinin olmaması məni çox üzdü.
Bizə tez – tez viza məsələsini örnək göstərərək, nədən Azərbaycan hələ də viza pulu alır, deyirlər… Ancaq kumsə bunun səbəbinin başqa məsələ olduğunun fərqində belə deyil… Həm də viza məsələsinin Türkiyədə çalışan vətəndaşlarımıza nə qədər zərər vurduğunu belə ağlına gətirmir… Suriyalılara isə hər cür çalışma və oturum izni şəraiti yaradılmaqdadır…
Azərbaycan vətəndaşları burada çalışma iznini rəsmiləşdirmək üçün ən azından uzun bir maddi və bürokratik baryerləri aşmaq zorunda qalırlar…

Görəsən, Azərbaycanın adını heç olmasa, “Alo Suriya” paketinə daxil edəcəklərmi?..”

Gununsesi.info