“Azərbaycanın AŞ-dən çıxarılması Avropa qurumlarının böhranına gətirib çıxarar” - FAZİL MUSTAFA

  • By admin
  • 27 Oktyabr 2017 14:06

Avropa Şurasının (AŞ) REAL-ın lideri İlqar Məmmədovun həbsdən azad olunması ilə bağlı Azərbaycan tərəfinə verdiyi vaxt bitsə də, rəsmi Bakı AŞ-nin tələbini icra etməyib.

İlqar Məmmədovun həbsdən azad edilməməsi Azərbaycanla AŞ arasındakı vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, Azərbaycanın qurumdakı üzvlüyünə baxılması məsələsi yenidən gündəmə gələ bilər. Yəni rəsmi Bakı AŞ-yə üzv olan ölkələrin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə 46-cı maddənin tələblərinə uyğun olaraq məsələyə baxıla bilər. Artıq bununla bağlı bir müddət öncə AŞ baş katibi Torbörn Yaqland da müəyyən fikirlər səsləndirib.

Gununsesi.info İlqar Məmmədovun həbsdən azad olunmaması təqdirdə AŞ-nin Azərbaycana qarşı daha sərt cəza tətbiq etməsi və qurumda üzvlükdən çıxarılması məsələsi ilə bağlı millət vəkili Fazil Mustafaya müraciət edib.

Millət vəkili Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında deyib ki,  İlqar Məmmədovun həbsdən azad olunmaması ilə bağlı Azərbaycanın  AŞ-nin qərarını icra etməməsi, əlbəttə Azərbaycanın bu qurumdakı üzvlük məsələsinə baxmasına imkan yarada bilər: “Bəli, əlbəttə, olar bilər. Amma burada məsələnin digər tərəfi var ki, bu da təkcə İlqar Məmmədov məsələsi deyil, eyni zamanda Avropa Məhkəməsinin digər qərarlarının yerinə yetirilməsi də var. Yəni Azərbaycandan Avropa Məhkəməsinin qəbul etdiyi qərarların icrası da tələb olunur. Lakin bu məsələlərdə Azərbaycana qarşı qərəzli yanaşma olduğundan Azərbaycan tərəfi konkret addım atmağı düşünmür”.

F.Mustafa əlavə edib ki, Avropa Şurasının üzvü olan Ermənistan və Rusiya quruma üzv olan digər ölkələrin ərazilərini işğal etsə də, onlara qarşı bu cür sərt sanksiyalar tətbiq edilmir: “Bax, məsələnin bu cür problemli tərəfi var. Buna baxmayaraq, biz Avropa  qurumlarına əlavə bəhanə verməmək üçün belə hallara yol verməməliyik. Odur ki, bu məsələlərin həllinə fərqli formada yanaşmaqla, həllinə nail olmaq lazımdır”.

Azərbaycanın AŞ-dən çıxarılmasına o qədər də inanmadığını deyən millət vəkili bildirib ki, Azərbaycanın qurumdan çıxarılması məsələsi elə də ciddi səslənmir: “Bu cür yanaşmaya görə, Azərbaycanın AŞ-dən çıxarılması sonda Avropa qurumlarının tamamilə böhranına gətirib çıxarar. Yəni məsələyə bu cür yanaşma Avropa qurumlarının prinsiplərinə zidddir. Necə ola bilər ki, işğalçıya, onun işğalçılıq siyasətinə və bu siyasət nəticəsində yüz minlərlə insanın hüququnu pozulmasına görə bir söz demirsən, yeri gələndə göz yumursan, lakin bir nəfərin həbsinə görə, bir ölkəyə qarşı bu cür sərt tələb qoyursan. Bu səviyyəsizlikdir. Odur ki, məsələlərin həlli fərqli yanaşma tələb edir. O baxımdan da AŞ-nin belə bir qərar qəbuletmə ehtimalı böyük deyil”.

“Olmadı elə oldu belə, birdən AŞ mövqeyindən çəkilmədi, o zaman necə olacaq?” sualına gəldikdə isə F.Mustafa deyib ki, məsələ ciddiləşərsə, Azərbaycan özü qərar gözləmədən çıxa bilər: “Ya da Azərbaycan AŞ-nin təzyiqləri müqabilində qurumun bir sıra  tələblərini yerinə yetirəcək”.

Mürtəza Bünyadlı

Gununsesi.info